Xəbərlər

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏDRİSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR

2015-01-07

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təmin edilməsinə yönələn köklü hüquqi islahatlar aparılır, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür.

 

İnsan haqlarının qorunmasında məhkəmə səhvlərinin qarşısının alınmasında hakimlər tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun mükəmməl öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Bu məqsədlə Ədliyyə Akademiyasının hakim assosiasiyalarının təşkilatçılığı ilə Sumqayıt Apellyasiya Məhkəməsində “Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda zona seminarı keçirilmişdir.

 

Tədbirdə Ali apellyasiya məhkəmələrinin təcrübəli hakimlərinin digər mütəxəssislərin mülki işlərə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi, mülkiyyət hüququnun mühafizəsi mövzularında mühazirələri dinlənilmiş, bu sahədə Avropa Məhkəməsinin son presedentləri qərarları barədə səmərəli müzakirələr aparılmışdır.

 

Seminarda həmçinin hakim etikası mövzusunda da müzakirələr keçirilmiş, hakimlərin proses iştirakçıları və ictimaiyyət nümayəndələri ilə qarşılıqlı münasibətinin etik aspektləri, bu sahədə beynəlxalq təcrübə, o cümlədən “Hakimlərin davranışına dair Banqalor prinsipləri” barədə iştirakçılara ətraflı məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.

 

Seminar zamanı hakimlərə metodik kömək məqsədi ilə Avropa İnsan Hüquqları Konvensiyası, Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası və digər vəsaitlər təqdim olunmuşdur.

 

Tədbir iştirakçıları bu cür aktual mövzularda kursların təşkil edilməsinin hakimlərin peşəkarlıqlarının artırılmasında əhəmiyyətini qeyd etmişlər.