Xəbərlər

Məhkəmə-hüquq islahatlarında ulu öndər Heydər Əliyev dühası

2023-02-14

 


Azərbaycan Respublikası Ali Məhkəməsi - 100

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı çoxşaxəli tədbirlər müəyyən edilərək həyata keçirilir.

Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əlamətdar haldır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi “Heydər Əliyev İli”ndə qeyd olunur. Bu münasibətlə Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzində çoxsaylı xarici dövlətlərdən olan mötəbər qonaqların iştirakı ilə beynəlxalq konfrans keçirilmiş, Ali Məhkəmənin tarixi inkişaf yoluna, Ulu Öndərin bu sahədə müstəsna xidmətlərinə nəzər salınmışdır.

Ümummilli Liderin "tariximizin hər səhifəsi bizim üçün əzizdir" fikrinə sadiq qalaraq məhkəmə sistemimizin inkişafı yolunda bəzi mühüm məsələlərə diqqət yetirmək istərdik.

Hələ qədim dövrlərdə Azərbaycanda yaranmış dövlətlərdə məhkəmələrin fəaliyyətində müstəqillik, tərəflərin bərabərliyi və çəkişmə kimi mühüm prinsiplərin elementləri, xüsusilə də çoxpilləlilik institutu mövcud olmuşdur.

Eyni zamanda hakimlər üçün tələblərə, onların təminatına xüsusi əhəmiyyət verilmişdir.

Orta əsrlərdə «Qazan xan islahatları» kimi məşhurlaşan hüquq islahatı Azərbaycanda məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalətin gözlənilməsinə yönəlmişdi.

1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində demokratik hüquq sisteminin formalaşması, mütərəqqi məhkəmə islahatının aparılması üçün önəmli addımlar atılmış, lakin təəssüf ki, ölkənin işğalı bu taleyüklü işlərin başa çatdırılmasına, ali məhkəmə orqanının yaradılmasına imkan verməmişdi.

Və düz 100 il əvvəl məhz 13 fevral tarixində Azərbaycanda ali məhkəmə orqanı yaradılmışdır.

Sovet hakimiyyəti illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir.

Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar saydı.

Cinayətkarlığa, korrupsiyaya qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək barışmaz münasibət göstərdi, vətəndaş məmnunluğunu təmin etdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu. Ümummilli Lider hüquqi islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və qısa müddətdə yeni müasir qanunlar və məcəllələr qəbul olundu. Ulu Öndərin dühası ilə yeni üçpilləli müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə bərqərar olunaraq fəaliyyətə başladı.

Məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu.

Həmçinin, Ali Məhkəmə demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və prosesdə vəkilin mütləq iştirakı təsbit olundu.

Dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı. Əvvəlki hakim korpusu 60% təzələndi. Bundan dərhal sonra ABŞ-da olarkən ümummilli lider "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu".

Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar vermiş, bu istiqamətdə mütərəqqi islahatlara başlanılmışdır.

Dövlət başçısının Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd etdiyi kimi, “məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir”.

Bununla bağlı ötən dövrdə aparılmış islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla demək olar ki, hər il təkmilləşdirilmiş, yeni qanunlar qəbul edilmişdir.

Mühüm institusional tədbirlər görülərək məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin, Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi və şəffaf seçimi Qaydası müəyyən olunmuşdur.

Eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılmış, onun fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilmiş, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması, habelə hakimlərin əmək haqqının azaldılmasının qanunla qadağan olunması təsbit edilmiş, digər tədbirlər görülmüşdür.

Həmçinin, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilmişdir.

Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.

Eyni zamanda məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır.

Artıq məhkəmələrin 80%-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, məhkəmə islahatlarımız beynəlxalq aləmdə də təqdir olunur. Ölkəmiz bu sahədə nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülmüş, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi üzrə layihələrimiz ən uğurlu layihələr kimi müxtəlif nominasiyalarının qalibi olmuşdur. Öz şəffaflığı ilə fərqlənən hakimlərin seçimi prosedurumuz isə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilmişdir.

Məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlərin tənzimlənməsində Azərbaycan Ali Məhkəməsi fəal iştirak edir.

Belə ki, Ali Məhkəmənin sədri, habelə məhkəmənin 2 hakimi Məhkəmə-Hüquq Şurasının, daha 2 hakimi isə Hakimlərin Seçki Komitəsinin üzvü olmaqla bu sahədə qərarların qəbulunda birbaşa iştirak edirlər.

Bununla yanaşı hakimlərin məsuliyyət hissinin artırılmasında Ali Məhkəmə mühüm rola malik olmaqla məhkəmə səhvlərinin profilaktikasında prinsipial və təsirli mövqe göstərir, kobud pozuntulara qarşı intizam icraatını təşviq edir, digər tədbirlər görür.

Məhkəmə islahatları daim davam edən prosesdir. Ali Məhkəmənin binasının təməlinin qoyulması mərasimində möhtərəm cənab Prezident demişdir ki, bu islahatların əvvəli var, amma sonu yoxdur.

Bununla əlaqədar dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanla məhkəmə islahatlarımız müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçmişdir.

Fərmanın icrası üzrə qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır.

Məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər edilmişdir. Həmçinin, sadələşdirilmiş və yazılı icraat genişləndirilmiş, proseslərdə video-konfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası tətbiq olunmuşdur.

Cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər görülmüş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində bir çox əməllər dekriminallaşdırılmış, bəzi cəzalar yüngülləşdirilmişdir.

Hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir. Bununla əlaqədar yol verilən sistem xarakterli nöqsanların müəyyən edilməsi üçün Ali Məhkəmənin monitorinqlər aparmasına dair ayrıca Qaydalar qəbul olunmuş, digər zəruri tədbirlər görülmüşdür.

Eyni zamanda Fərmana uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf qiymətləndirmə Qaydaları müəyyən edilmişdir. Bu prosesdə Ali Məhkəmə əhəmiyyətli rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə prosesində bilavasitə və fəal iştirak edirlər.

Fərmanla həmçinin, hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılmış, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilmişlər. Onların yarıya qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır.

Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə son dövrlər ərzində Ali Məhkəmənin tərkibi 70% təzələnmişdir.

Bu gün əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda təmin etməkdir.

İşğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir.

Həmin bölgədə infrastruktur bərpa olunaraq soydaşlarımızın öz torpaqlarına qayıtması ilə yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımızın da fəaliyyəti təmin olunacaqdır.

Fürsətdən istifadə edərək Ali Məhkəmənin kollektivini 100 illik yubiley və yüksək dövlət təltiflərinə layiq görülmələri münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.

Fikrət Məmmədov,

Azərbaycan Respublikasının ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri

I dərəcəli dövlət ədliyyə müşaviri