Xəbərlər

Şəki regional ədliyyə idarəsində “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirilib

2023-02-15


Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir.

Bu münasibətlə nazirliyin Şəki regional ədliyyə idarəsi tərəfindən regionun ədliyyə işçiləri və könüllüləri üçün “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Şəki regional ədliyyə idarəsinin, Yeni Azərbaycan Partiyasının Şəki rayon Təşkilatının, Şəki şəhər Gənclər idman idarəsinin rəhbərliyi və məsul əməkdaşları, bölgənin 80-ə yaxın ədliyyə işçisi və könüllüləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin Şəki şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb, Mərkəzdə Ulu Öndərin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanışlıq olub.

Sonra keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov çıxış edərək dahi öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib, yubiley ili ilə əlaqədar keçirilən tədbirlərə toxunub.

Tədbirdə demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsindən, dövlət gənclər siyasətindən bəhs olunub, çıxışlar edilib.

Gənclər Ulu Öndərin dövlətçilik ideyalarının hər kəsə örnək olduğunu və ondan daim bəhrələnərək hərtərəfli inkişaflarına hər cür şərait yaradıldığını söyləyiblər.

Sonda əbədiyaşar liderin tarixi xidmətlərinə, o cümlədən dövlət gənclər siyasətinə həsr olunan film nümayiş etdirilib.