Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA DÖVLƏT QULLUQÇULARININ XİDMƏTİ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ QAYDALARININ TƏTBİQİ MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2016-03-11

Son dövrlərdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, bu məsələdə müasir beynəlxalq yanaşmaların tətbiqi dövlət orqanlarının diqqət mərkəzindədir. Belə ki,“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə müvafiq olaraq “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” Qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.Eyni zamanda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 17-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir.

 

 

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” Qaydalarının dəqiq və dürüst icrası onun gələcəkdə ədliyyə orqanlarında tətbiq edilməsi və bu prosesdə yarana biləcək maneələrin aradan qaldırılması məqsədi ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ilə birgə 10-11 mart 2016-cı il tarixlərində ədliyyə orqanlarının kadr xidməti əməkdaşları üçün təlim keçirilmişdir.

 


 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİNİNPEŞƏKARLIQ SƏVİYYƏSİNİN ARTIRILMASI MƏQSƏDİLƏ MÜTƏMADİ İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2016-03-11

 Son illərdə ölkəmizdə məhkəmə islahatları ilə bağlı ciddi addımlar atılmışdır. Ardıcıl surətdə aparılan bu islahatların əsas məqsədi məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi kimi nəticələrə nail olunmuşdur. Bu gün həmin məqsədlərdən irəli gələn əsas vəzifələr uğurla başa çatdırılmış, müvafiq qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmiş və peşəkar hakim korpusu formalaşdırılmışdır. Lakin cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır.

 

AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ TÜRKİYƏ HAKİMLƏRİ VƏ VƏKİLLƏRİ ÜÇÜN ANKARA ŞƏHƏRİNDƏ REGİONAL SEMİNAR TƏŞKİL EDİLMİŞDİR

2016-03-04

2016-cı ilin 3-4 martında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Azərbaycan, Gürcüstan və Türkiyə hakimləri və vəkilləri üçün Ankara şəhərində təşkil olunan “Mülki prosesin ən əsas prinsipləri səmərəli və ədalətli məhkəmə araşdırmasının açarı kimi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir.Azərbaycan heyəti bu tədbirdə Azərbaycan Respublikası Ali və Bakı Apellyasiya məhkəmələrinin hakimləri, Ədliyyə Akademiyasının və Vəkillər kollegiyasının nümayəndələrilə təmsil olunmuşdur.

 

 

Qeyd edilən  formatda regional seminarların keçirilməsi barədə qərar hər üç ölkənin Ədliyyə Akademiyalarının iştirakı ilə 2014-cü ilin noyabr ayının 29-30-da  Bakı şəhərində “Hakimlərin tədrisi ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitəsi kimi” beynəlxalq konfransda qəbul edilmiş və uğurla həyata keçirilir. Birinci regional seminar 12-13 noyabr 2014-cü ildə Bakı şəhərində keçirilmiş və “Mülki prosesdə barışıq sazişi”  mövzusuna həsr edilmişdir.

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA “ASAN XİDMƏT” MƏRKƏZLƏRİ ƏMƏKDAŞLARI ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2016-02-26

Azərbaycan Respublikası Prezidentinin müstəsna dəstəyi ilə yaradılan "ASAN xidmət" mərkəzlərinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin ("dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşması) formalaşdırılmasıdır, ulu öndərin müəllifi olduğu dövlətçilik strategiyasının əsas prinsipi olan vətəndaş məmnunluğunun təmin edilməsidir. 

 


Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ədliyyə Akademiyası arasında aparılan sıx əməkdaşlıq sayəsində kadrlar ixtisasartırma kurslarına cəlb olunurlar.

 

GƏNCLƏR GÜNÜ ƏDLİYYƏ AKADEMİYASINDA QEYD EDİLMİŞDİR

2016-02-02

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününü ölkəmizin hər yerində Azərbaycan gəncləri böyük uğurla qeyd edirlər.

 

Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu məqsədlə Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmış, 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. 2 fevral 1996-cı il tarixdə Prezident Heydər Əliyevin iştirak ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.