Xəbərlər

HAKİMLƏRİN TƏDRİSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

2015-04-01

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, o cümlədən məhkəmə fəaliyyətində müasir texniki vasitələrdən istifadəyə mühüm  əhəmiyyət verilir.  

 

Bununla əlaqədar Ədliyyə Akademiyası tərəfindən müasir İKT-lərlə təchiz edilmiş Bakı şəhəri Yasamal Rayon məhkəməsinin inzibati binasında hakimlər üçün "Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri" mövzusunda təlim təşkil edilib.

 

Tədbirdə  «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr geniş müzakirə edilib, sərəncamın bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyduğu, hazırda məhkəmələrdə elektron sənəd dövriyyəsi və idarəetmə, «SMS bildiriş» proqramlarının sınaq rejimində tətbiq olunduğu bildirilib. Həmçinin texnoloji idarəetmə proqramları nümayiş etdirilib, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanıb. 

 

Tədbir zamanı korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm kimi Azərbaycan brendinə çevrilmiş "ASAN" xidmətin iş üsulunun öyrənilməsi və müasir İKT-lərin tətbiqində təcrübə mübadiləsinin təşkili məqsədilə Xidmətin əməkdaşları ilə görüş keçirilib,  "Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi korrupsiyaya qarşı mübarizə vasitəsi kimi" mövzusu üzrə səmərəli müzakirələr aparılıb.

 

Həmçinin məhkəmə fəaliyyətində beynəlxalq təcrübənin əhəmiyyəti nəzərə alınaraq tədbir çərçivəsində ABŞ-dan olan təcrübəli ekspertlərin iştirakı ilə ədalət mühakiməsinin həyata keçirilməsinin müxtəlif mərhələləri üzrə təcrübə mübadiləsi keçirilib, səhnələşdirilmiş məhkəmə prosesi nümayiş etdirilib.