Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA BEYNƏLXALQ EKSPERTLƏRİN İŞTİRAKI İLƏ TƏLİM KEÇİRİLMİŞDİR

2016-01-28

Beynəlxalq Miqrasiya Təşkilatı Ədliyyə Akademiyası ilə birgə  “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsini həyata keçirir.Layihə çərçivəsində prokurorlar, hakimlər və hakimliyə namizədlər üçün insan alveri ilə mübarizə üzrə kurrikulumların hazırlanması nəzərdə tutulmuşdur.

 

 

Qeyd edilən layihənin həyata keçirilməsi məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən cari ilin 25-28 yanvar tarixlərində Ədliyyə Akademiyasında insan alveri ilə mübarizə sahəsində təlimçilər üçün seminar təşkil edilmişdir.

 

 

Təlimdə Bakı, Şəki və Lənkəran ağır cinayətlər məhkəmələrinin hakimləri, Ədliyyə Akademiyasının təlimçiləri, Vəkillər Kollegiyasının üzvü və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları iştirak etmişlər.

 

 

Tədbirin açılışında Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak seminarın təşkilinin əhəmiyyətini vurğulayaraq seminar iştirakçılarına öz tövsiyələrini vermişlər.

 

 

Seminarda, nüfuzlu  beynəlxalq ekspertlər iştirak etmişlər. Tədbirdə Böyük Britaniyada Rankin Assosiasiyasının direktoru Glinn Rankin, Avstriyadan insan hüquqları üzrə ekspert Astrid Gantererin və BMqT-nin Cenevrə şəhərində yerləşən baş qərargahının beynəlxalq miqrasiya hüququ üzrə eksperti  Anne Althausun mühazirələri dinlənilmişdir.

 

 

Seminarda bir çox mövzular, o cümlədən, insan alveri ilə mübarizənin anlayışı və onun əsas səbəbləri, insan qaçaqmalçılığı ilə mübarizə üzrə milli qanunvericilik, insan alveri qurbanlarının hüquqları və Azərbaycanda insan alveri qurbanlarına yardım, insan alveri hallarında prokurorların və hakimlərin rolu və s. ətrafında müzakirələr aparılmışdır.

 

 

Həmçinin, təlim zamanı insan alveri qurbanları ilə müsahibələrin aparılması, onların hüquqlarının müdafiəsi ilə bağlı video materiallar və “PowerPoint” təqdimatlar nümayiş etdirilmiş və iştirakçılara təlim vasitələri kimi təqdim olunmuşdur.