Xəbərlər

AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ TÜRKİYƏ HAKİMLƏRİ VƏ VƏKİLLƏRİ ÜÇÜN ANKARA ŞƏHƏRİNDƏ REGİONAL SEMİNAR TƏŞKİL EDİLMİŞDİR

2016-03-04

2016-cı ilin 3-4 martında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Azərbaycan, Gürcüstan və Türkiyə hakimləri və vəkilləri üçün Ankara şəhərində təşkil olunan “Mülki prosesin ən əsas prinsipləri səmərəli və ədalətli məhkəmə araşdırmasının açarı kimi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir.Azərbaycan heyəti bu tədbirdə Azərbaycan Respublikası Ali və Bakı Apellyasiya məhkəmələrinin hakimləri, Ədliyyə Akademiyasının və Vəkillər kollegiyasının nümayəndələrilə təmsil olunmuşdur.

 

 

Qeyd edilən  formatda regional seminarların keçirilməsi barədə qərar hər üç ölkənin Ədliyyə Akademiyalarının iştirakı ilə 2014-cü ilin noyabr ayının 29-30-da  Bakı şəhərində “Hakimlərin tədrisi ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitəsi kimi” beynəlxalq konfransda qəbul edilmiş və uğurla həyata keçirilir. Birinci regional seminar 12-13 noyabr 2014-cü ildə Bakı şəhərində keçirilmiş və “Mülki prosesdə barışıq sazişi”  mövzusuna həsr edilmişdir.

 

 

Seminarın açılışında Türkiyə Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçil və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Thomas Herrmann məruzə ilə çıxış etmişlər. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Almaniya hakimləri, vəkilləri və nüfuzlu alim hüquqşünasları interaktiv metodikadan istifadə etməklə maraqlı təqdimatlar etmişlər.

 

 

Seminarın ikinci günü Türkiyə, Gürcüstan və Azərbaycan Ədliyyə Akademiyalarının birgə tədbiri çərivəsində Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov “ Ədliyyə Akademiyalarının gələcək regional əməkdaşlıqlarının perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Öz çıxışında o, Azərbaycanda hakimlərin tədrisinin təşkili, bu sahədə regional əməkdaşlığın inkişaf istiqamatləri məsələlərini işıqlandırmışdır.