Xəbərlər

AVROPA ŞURASI TƏRƏFİNDƏN ƏDLİYYƏ AKADEMİYASINA TƏQDİM EDİLƏN KİTABLARIN TƏQDİMATI KEÇİRİLİB

2016-06-24

İyunun 24-də Ədliyyə Akademiyasında Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İnsan Hüquqları üzrə Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi" layihəsi çərçivəsində çap olunmuş nəşrlərin və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına dair 19 adda kitabın təqdimatı keçirilib.

 

 

Tədbirdə Avropa Şurasının və Avropa İttifaqının, həmçinin Ədliyyə və Xarici İşlər nazirliklərinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının məsul şəxsləri, hakimlər, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

 

 

Təqdimat zamanı Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Draqana Filipoviç və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edərək Avropa Şurasının ölkəmizlə səmərəli əməkdaşlığını, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı il üzrə Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyini qeyd edib, Ədliyyə Akademiyasına təqdim olunan kitabların İnsan Hüquqları üzrə Avropa Konvensiyasının öyrənilməsində mühüm töhfə olduğunu vurğulayıblar.

 

 

Qeyd olunub ki, Ədliyyə Akademiyası tərəfindən Fəaliyyət Planının bir hissəsi olan "İnsan Hüquqları üzrə Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi" layihəsi uğurla icra olunaraq layihə çərçivəsində praktiki hüquqşünasların, o cümlədən hakimlərin insan hüquqları sahəsində tədrisinə dair bir çox mühüm tədbirlər keçirilib və bu tədbirlər silsilə xarakteri daşıyır.

 

 

Eyni zamanda, Fəaliyyət Planının bir hissəsi olan "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək" layihəsi də icra olunur.

 

 

Tədbirdə, həmçinin Jean-Paul Jean və Ramin Qurbanovun müəllifliyi ilə çap olunmuş "Ədalət mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası: Elmi və Təcrübi Əhəmiyyəti" kitabının Azərbaycan dilinə tərcümə edilən nüsxəsi də təqdim edilib və Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) fəaliyyətinə həsr olunan bu kitabın mühüm əhəmiyyəti qeyd olunub, CEPEJ-in Avropa Şurası üzv dövlətlərində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun səmərəli təmin olunması məqsədilə gördüyü işlər vurğulanıb.

 

 

Təqdim olunan kitabların hüquqşünaslar üçün dəyərli əyani vəsait kimi istifadə olunacağı və onların Ədliyyə Akademiyasının Elmi kitabxanasının elektron kataloquna daxil ediləcəyi bildirilib.