Xəbərlər

BOLQARISTANA TƏDRİS SƏFƏRİ

2016-10-01

Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin  Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində cari ilin 28 sentyabr - 01 oktyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş və Milli Ədliyyə İnstitutuna Təlim Səfəri təşkil edilmişdir.

 

 

Tədbirdə Ədliyyə Akademiyasından Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Əfqan Ələkbərov, Ədliyyə Akademiyasının Elmi-tədqiqat və məhkəmə presedenti şöbəsinin rəisi vəzifəsini icra edən Vüsal Əhmədovla birlikdə  Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri İlqar Xələfov, Baki Apellyasiya Məhkəməsinin hakimi Toğrul Əliyev, Avropa Şurasının eksperti Araz Paşayev, Avropa Şurasının Bakıdakı ofisində layihə assistenti Nərgiz Abdullayeva iştirak etmişlər.

 

           

 

Səfər zamanı Bolqarıstanın  Milli Ədliyyə İnstitutunda, Ədliyyə Nazirliyində görüşlər və təlim keçirilmişdir.  Milli Ədliyyə İnstitutunda keçirilən görüşdə İnstitutunun direktoru xanım Miglena Taçeva, İnstitutun direktor müavini cənab Stoil Paşkunov, Azərbaycanın Respublikasının Bolqarıstandakı Səfirinin müşaviri cənab Mahir Cəfərov, Avropa Şurasının eksperti, Bolqarıstan Respublikası Ədliyyə İnstitutunun keçmiş direktoru cənab Dragomir Yordanov və digər səlahiyyətli şəxslər iştirak etmişdir. Görüş zamanı bildirilmişdir ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətləri iki tədris qurum arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratmışdır.

 

 

Görüşdən sonra İnstitutun direktor müavini cənab Stoil Paşkunov Milli Ədliyyə İnstitutunun fəaliyyəti,  Milli Ədliyyə İnstitutunun Davamlı təlim direktorluğunun rəhbəri xanım Silviya Dimitrova, İlkin təlim direktorluğunun rəhbəri xanım Teodora Hadjistoucheva direktorluqların fəaliyyətləri, inkişafı və strateji planı, təlim metodologiyası, onlayn təlim və tədqiqat fəaliyyətləri barədə təqdimatlarla çıxış etmişlər.

 

 

Milli Ədliyyə İnstitutunda keçirilən təlimdən sonra Azərbaycan Respublikasının Bolqarıstandakı səfirinin müşaviri cənab Mahir Cəfərovun dəvəti ilə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyində görüş keçirilmişdir. Görüşdə Bolqarıstanın iqtisadi-siyasi vəziyyəti ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən bu ölkənin tarixi-mədəni irsinə verilmiş töhfənin ictimaiyyət və media tərəfindən yüksək dəyərləndirildiyi barədə məlumat verilmiş, heyət səfirliyin inzibati binası ilə tanış edilmişdir.

 

           

 

Tədbirin növbəti günü İnstitutun əməkdaşı xanım Cornelia Kirilova Tədris üzrə məlumat mərkəzinin fəaliyyəti barədə təqdimatla çıxış etmişdir.

 

 

Həmin gün Bolqarıstan Ədliyyə Nazirliyində keçirilən görüşdə Bolqarıstan tərəfindən Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı və Avropa məsələləri üzrə direktorluğunun rəhbəri (dövlət eksperti) xanim Bilyana Belyakova, Məhkəmə sistemi ilə əməkdaşlıq direktorluğunun baş eksperti xanim İrena Aleksandrova, Qanunvericilik Şurası direktorluğunun böyük məsləhətçisi Xanım Diana Boyeva, Beynəlxalq hüquq əməkdaşlığı və Avropa məsələləri üzrə direktorluğunun böyük məsləhətçisi cənab Dimitr Terzivanov iştirak etmişdir. Görüş zamanı bildirilmişdir ki, 15.05.2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Ədliyyə Nazirlikləri arasında imzalanmış Sazişə əsasən sıx əməkdaşlıq münasibətləri  yaranmışdır. Bolqarıstan tərəfindən iştirak edən nümayəndələr nazirlik və onun struktur qurumlarının fəaliyyəti barədə məlumat verilmiş və suallar cavablandırılmışdır. Bolqarıstan nümayəndələri Azərbaycan tərəfi ilə məhkumların ekstradisiyası ilə bağlı əməkdaşlıqdan məmnun olduqlarını bildirilmişlər. Bolqarıstanda fəaliyyət göstərən xüsusi notariusların və icra məmurlarının fəaliyyətləri barədə məsələlər Azərbaycan tərəfinin marağına səbəb olduğuna görə bu barədə xüsusi  söhbət aparılmşdır. Öz növbəsində Azərbaycan tərəfi ölkədə gedən Məhkəmə-Hüquq islahatları barədə məlumat vermiş və Məhkəmə-Hüquq Şurası strukturu, hakimlərin seçilməsi barədə sualları cavablandırılmışdır.

 

 

AŞ və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində Bolqarıstanın Sofiya şəhərində keçirilən təlim proqramı ümumilikdə effektli və səmərəli olmuşdur, həmçinin proqram çərçivəsində əldə olunmuş bilik və nəzəri məlumatlar Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsində və onun potensialının artırılmasında müsbət təsir edir.