Xəbərlər

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MOSKVA ŞƏHƏRİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2016-11-12

Cari il noyabrın 10-12-də Rusiya Federasiyası Ali Məhkəməsinin və Rusiya Dövlət Ədalət Mühakiməsi Universitetinin təşkilatçılığı ilə Moskva şəhərində bu ölkənin Cinayət-Prosessual Məcəlləsinin 15 illiyinə həsr olunmuş "XXI əsrdə cinayət prosesi hüququnun inkişaf strategiyası" mövzusunda V Beynəlxalq Elmi Praktiki konfrans keçirilib.

 

 

Rusiya Ali Məhkəməsinin dəvətinə əsasən tədbirdə ədliyyə nazirinin müavini, hüquq elmləri doktoru Azər Cəfərov iştirak edib.

 

 

Nümayəndə heyətinin tərkibinə, həmçinin, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov daxil edilib.

 

 

Konfransın işində Rusiya Federasiyasının Ali Məhkəməsinin, Baş Prokurorluğunun, İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin məsul şəxsləri, habelə cinayət prosessual hüququ sahəsində aparıcı alimlər və tanınmış beynəlxalq elmi məktəblərin, müxtəlif  dövlətlərin hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri iştirak ediblər.

 

 

Konfransın açılışında bir sıra dövlət rəsmiləri və elm xadimləri ilə yanaşı, ədliyyə nazirinin müavini A.Cəfərov təbrik nitqi ilə çıxış edib.

 

 

Həmçinin, "XXI əsrdə milli cinayət mühakimə icraatının inkişaf strategiyaları" adlı 1-ci sessiyada "Dövlət ittihamı institutunun təkmilləşdirilməsinin ehtiyatları" mövzusunda çıxış edilərək  dövlət ittihamı institutunun tarixi və gələcək prespektivləri, cinayət prosesual qanunvericiliyində tərəflərin bərabərliyinə dair novellalar barədə danışılıb, sözügedən sahədə Azərbaycan və Rusiya qanunvericiliyi müqayisəli şəkildə təhlil edilib və bu prinsipin mükəmməlləşdirilməsi üzrə təkliflər verilib.

 

 

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Ali Məhkəməsinin sədr müavini - cinayət işləri üzrə məhkəmə kollegiyasının sədri, hüquq elmləri doktoru V.A.Davıdov, Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədrinin birinci müavini Y.P.Sinelşikov, Rusiya Dövlət Ədalət Mühakiməsi Universitetinin rektoru, hüquq elmləri doktoru, professor V.V.Yerşov, Qazaxıstan Respublikası Baş Prokurorunun müavini E.A.Kenenbayev, həmin ölkənin Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının sədri A.C.Rahmetulin və Avropa Şurasının hüququn aliliyi və insan hüquqları üzrə Baş Direktorluğunun insan hüquqları sahəsində əməkdaşlıq və siyasət Departamentinin müdiri M.B.Lobovla görüşlər keçirilib.

 

 

Görüşlərdə ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları, xüsusilə də Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi kimi təsisatlar, hakimliyə namizədlərin seçim qaydaları barədə ətraflı məlumat verilib, cinayət prosessual qanunvericiliyinin ayrı-ayrı problemləri, o cümlədən bəzi ölkələrdə ibtidai araşdırma zamanı istintaq sövdələşməsi institutunun tətbiqi, bununla bağlı yaranan çətinliklər, hakimlərin iş yükü və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

 

Adıçəkilən universitetin rektoru ilə keçirilən görüşdə universitetlə nazirliyin Ədliyyə Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilib, bunun hər iki tərəf üçün maraq kəsb etdiyi qeyd olunub.