Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA PROBASİYA İCRA MƏMURLARI ÜÇÜN EKSPERT GÖRÜŞÜ KEÇİRİLİB

2018-12-07

Avropa İttifaqı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə TAİEX proqramı çərçivəsində probasiya sahəsində təlimlərin təşkil edilməsi üçün Avropanın qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə 2018-ci ilin 5-7 dekabr tarixində Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin icra məmurları ilə ekspert görüşü keçirilib.

Görüşə xarici ekspert Hollandiya Probasiya Xidmətinin aktiv probasiya icra məmuru və aktiv beynəlxalq təlimçi cənab Frans Clobus, yerli ekspert Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini cənab Musa Hümbətov cəlb ediliblər.

Ümumilikdə 21 nəfər probasiya icra məmuru və Ədliyyə Akademiyası əməkdaşlarının iştirak etdiyi görüş, aktiv təlim formasında həyata keçirilmiş, ekspertlərin aktual mövzulara dair qarşılıqlı fikir mübadiləsi ilə yanaşı, probasiya məmurlarının yeni təcrübi imkanları qiymətləndirilib.

Görüşdə beynəlxalq və yerli probasiya, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların beynəlxalq və milli səviyyədə icrası qaydası və şərtləri, məhkumlarla müsahibə aparılması texnikası və elektron nəzarət vasitələrinin tətbiqi kimi mövzulara toxunulub.

Görüş çərçivəsində həmçinin xarici ekspert cənab Frans Clobusla Ədliyyə Akademiyasının əməkdaşları arasında görüş keçirilib, Azərbaycanda Probasiya sahəsində təlimlərin keçirilməsi ilə bağlı çatışmazlıqlar və ehtiyaclar müzakirə edilib, əməkdaşlıq çərçivəsində gələcəkdə bu sahədə keçiriləcək ekspert görüşləri və təlimçilərin təliminə dair təkliflər irəli sürülüb.