Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BERLİNDƏ “YAXŞI İDARƏETMƏYƏ DAİR PROQRAM”DA İŞTİRAK EDİB

2019-05-14

Bu günlərdə Federativ Respublikasının Berlin şəhərində yerləşən Karl Fridrix Gördeler Kollecində “Yaxşı idarəetməyə dair proqram” təşkil olunub.

Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Ermənistan, Ukrayna və Belarusun aidiyyəti dövlət və qeyri-dövlət sektoru təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının nümayəndələri iştirak ediblər.

Sözügedən proqramın əsas məqsədi yaxşı idarəetmə naminə gənc liderlərə dəstək olmaqla onlara ictimai faydalı və innovativ layihələrin həyata keçirilməsində birbaşa yardım etmək və təcrübəli layihə menecerlərinin himayəsi altında fərdi yaxşı idarəetmə layihəsinin həyata keçirilməsinə dəstəkdir. 

Gördeler Kolleci istənilən təşkilat əməkdaşlarına beynəlxalq səviyyədə ixtisasartırma keçməsinə və şəbəkələşməyə daxil olmasına imkan verir.
İki hissədən ibarət olan tədbirdə Gördeler kollecinin direktoru, Mərkəzi-Şərqi Avropa və Berlin Valiliyi Altındakı Beynəlxalq Təşkilatın, Bolqarıstanın "Sərhədsiz təhsil" birliyinin, “Sərhədyanı ölkələri ilə əməkdaşlıq və Avropa işləri üzrə Büro”sunun nümayəndələri, Gördeler Kollecinin proqram üzrə koordinatoru və digər ekspertlər çıxış ediblər. 

Konfransda təmsil olunan ölkələrdə vətəndaşların siyasi aktiv və passivliyinin səbəbləri müzakirə olunub, mövzu ilə bağlı təqdimatlar hazırlanıb. Tədbirin ikinci günü yaxşı idarəetməyə dair hazırlanmış layihələrin iştirakçılar tərəfindən təqdim edilməsi ilə davam etdirilib.

Ədliyyə Akademiyanın nümayəndəsi Gülnaz Qurbanova layihə çərçivəsində "Dövlət strukturunda kadr sisteminin yaxşılaşdırılması və işçilərin motivasiyasının gücləndirilməsi" mövzusunda təqdimatla çıxış edib.