ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ TƏLİMÇİSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-06-04

4 iyun 2019-cu il tarixdə Moldova Respublikasının paytaxtı Kişniyov şəhərində Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı və Moldova Milli Ədliyyə İnistitutu tərəfindən təşkil olunan “Moldova Respublikasında Cinayət Hüququ Sisteminin İnsan Hüquqları ilə Uyğunlaşdırılmasının Təşviq olunması” ilə bağlı İnsan hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi - “Azadlıq və toxunulmazlıq hüququ” mövzusunda keçirilən Beynəlxalq Konfransda Sumqayıt Apelyasiya Məhkəməsinin sədri, Ədliyyə Akademiyasının təlimçisi Səadət Bəktaşi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Vüqar Quliyev iştirak ediblər.

Beynəlxalq Konfransın məqsədi İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsinin müddəalarının əsasını təşkil edən prinsiplər, eləcə də bu prinsiplərin effektiv həyata keçirilməsinə dair çağırışlar və həlli yolları barədə geniş müzakirələr üçün forum yaratmaqdır.

Plenar iclasdan və paralel qrup iclaslarından ibarət Beynəlxalq Konfransda Moldova Respublikasının icra və inzibati orqanlarının nümayəndələri, Avropa Şurasına üzv dövlətlərin nümayəndələri, Avropa Şurasının və digər beynəlxalq təşkilatların ekspertləri iştirak edib.

Konfransda Səadət Bəktaşi və Vüqar Quliyev İnsan hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində qeyd olunan “Azadlıq və toxunulmazlıq hüququnun əsas prinsipləri” mövzusuna dair məruzə ilə çıxış ediblər.