ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Xəbərlər

Ədliyyə Akademiyasında GİZ ilə birgə növbəti təlim

2019-06-28

Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqla həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyun ayının 27-28-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin təlimçi hakimləri üçün “Mülki prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması” mövzusunda növbəti iki günlük təlim keçirilib.
GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” adlı regional proqramı çərçivəsində təşkil olunan təlimin açılışında GİZ-in proqram rəhbəri Thomas Meyer və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıqdan, hakimlər üçün birgə tədris tədbirlərinin təşkilindən bəhs edib, təlimin əhəmiyyətini vurğulayıb.
Təlimdə Almaniya Regional Məhkəməsinin keçmiş baş hakimi Thomas Herrmanın təqdimatları dinlənilib.

Təlimdə mülki prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması ilə bağlı məsələlər hakimlərin diqqətinə çatdırılıb, müxtəlif kazuslar üzrə iş aparılıb, diskussiyalar aparılaraq maraq doğuran suallar ətraflı cavablandırlıb.