Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-12-10

Dekabr ayında Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunda “Hüquqi dəyərlərmüqayisəli hüququn diqqəti mərkəzində” IX Beynəlxalq Müqayisəli Hüquq Konqresi keçirilib.

Ənənəvi olaraq, Hüquq vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası (Avropa Şurasının Venesiya Komissiyası) ilə birlikdə təşkil olunan tədbirdə və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov iştirak edib.

Konqresdə Rusiya, Belarus, Qazaxstan, İtaliya, Fransa, İspaniya, İran, Çin və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Konqres konstitusiya, inzibati, bələdiyyə, cinayət, mülki, maliyyə hüququ daxil olmaqla müqayisəli hüquq, hüquq nəzəriyyəsi, beynəlxalq, regional və milli hüququn aktual mövzularına dair plenar iclas və dəyirmi masalar formatında təşkil olunub.

Tədbir çərçivəsində hüquqi dəyərlərin formalaşması və qorunması, bu dəyərlərin müqayisəli hüququn obyekti kimi anlaşılmasında yeni yanaşmaların konseptuallaşdırılmasına dair dəyirmi masalar keçirilib.

Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov “Müasir inzibati prosedur: XXI əsrin çağırışları qarşısında modernləşmə istiqamətləri” dəyirmi masasında “Publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri” mövzusunda məruzə ilə çıxış edib.E.Xələfov tərəfindən dəyirmi masa iştirakçılarının bir çox sualları cavablandırılıb, xüsusən də, Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin təşkili və fəaliyyəti haqqında verilən məlumat böyük maraqla qarşılanıb.

“Hüquqi dəyərlərmüqayisəli hüququn diqqəti mərkəzində” IX Beynəlxalq Müqayisəli Hüquq Konqresində iştirak Ədliyyə Akademiyasının elmi əlaqələrinin genişləndirilməsi, Azərbaycan Respublikasında keçirilən geniş məhkəmə-hüquq islahatlara dair təcrübənin dünyanın qabaqcıl ekspert və alimlərinə çatdırılması, eyni zamanda digər ölkələrin müvafiq təcrübələrinin öyrənilməsi istiqamətində faydalı olub.