Xəbərlər

HAKİMLƏR, PROKURORLAR VƏ VƏKİLLƏR ÜÇÜN “MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA İKİ GÜNLÜK TƏLİM KEÇİRİLMİŞDİR

2014-12-02

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı problemin həlli tam planlı yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

 

 

Kompleks tədbirlər zəruri hüquqi bazanın, o cümlədən inzibati cəza və cinayət təqibinə imkan verən qanunvericilik aktlarının qəbulu, mexanizmlərin yaradılması, zorakılığın xəbərdar edilməsi, zorakılğın qarşısının alınması, qurbanların müdafiəsi və reablitasiyası kimi tədbirləri əhatə etməlidir. Yaxın illərə qədər məişət zəmnində baş verən zorakılıqlara qarşı mübarizə yalnız cinayət təqibini həyata keçirməklə kifayətlənirdi. Belə ki, məişətdə (ailədə) cinayət əsaslı zorakılıq olduqda cinayət qanunvericiliyinin müvafiq müddəaları tətbiq edilməklə cinayət təqibi həyata keçirilirdi. Lakın məişət zorakılığı təkcə kriminal xarakterli deyildir. Ona görə də məişət zorakılığına qarşı mübarizə yalnız cinayət qanunvericiliyi ilə aparıla bilməz. Məişət zorakılığına qarşı mübarizənin hərtərəfli və kompleks şəklində həyata keçirilməsi, məişət zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə 2010-cu ilin 22 iyun tarixində “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun məişət zorakılığı zəmnində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin yaradılması və tənzimlənməsi məqsədini güdür. Qanunun əsas məqsədi ailə münasibətlərinin qorunması ilə bərabər həm də, zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir.

 

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin tətbiqi ilk növbədə hüquq mühafizə orqanlarının əməkdaşları, hakimlər və vəkillər qarşısında bu qanunvericiliyin mükəmməl öyrənilməsi sahəsində mühüm məqsədlər qoyur. Bu məqsədlə cari ilin 01-02 dekabr tarixində Ədliyyə Akademiyasında ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin dəstəyi ilə “Məişət zorakılğına qarşı mübarizə” və “Müasir təlim metodologiyaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə hakimlər, prokurorlar və vəkillər iştirak etmişdir.

 

Seminarda beynəlxalq ekspertlər xanım Lori C. Mann (ABŞ), xanım Meri Ayuirrenin, cənab Ceyms C. Benedetto (ABŞ) və milli ekspert xanım Taliyə İbrahimovanın mühazirələri dinlənilmişdir.

 

Seminar zamanı “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qiymətləndirilməsi, beynəlxalq standartlar, milli standartlar, Avropa İnsan Haqları məhkəməsi presedent hüququnun təqdimatı, məişət zorakılğının anlaşılması və məişət zorakılığı üzrə qanunun prokuror tərəfindən izahı, məişət zorakılığı üzrə qanunun həyata keçirilməsinin monitorinqi üzrə hazırlanmış hesabatın təqdimatı müzakirə olunmuşdur.

 

Həmçinin seminar zamanı canlı tədris etmənin vacibliyi; auditoriyanı tanıma və onunla təmas yaratmaq üçün lazımi vasitələr, öyrənmə mühitinin vacibliyi (fiziki və psixoloji); sinif otağının qurulması və təchizatı, təqdimatın planlaşdırılması, böyüklər necə öyrənir; öyrənmə piramidası və maksimum nəticə əldə etmək üçün öyrətmə, interaktiv təlim texnikası və praktiki öyrətmə məsələləri müzakirə olunmuşdur.