Haqqımızda

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar, o cümlədən, məhkəmə-hüquq islahatı sahəsində əsaslı tədbirlər görülmüş və hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından biri olan ədliyyə orqanlarının formalaşması və inkişafında mühüm rol oynayan, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Ədliyyə Akademiyasının yaradılması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturu daxilində Ədliyyə Akademiyası yaradılmışdır. 2008-ci il 21 noyabr tarixli Fərmanla Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir.

Ədliyyə Akademiyasında ədliyyə işçilərinin, ilk dəfə ədliyyə və prokurorluq orqanlarına qulluğa qəbul olunanların, məhkəmə aparatı işçilərinin, vəkillərin və vəkilliyə namizədlərin, xüsusi notariusların, habelə Akademiyanın fəaliyyətinin əsas məqsədlərinə və vəzifələrinə müvafiq digər kateqoriyalardan olan dinləyicilərin hazırlanması və ixtisasının artırılması həyata keçirilir. Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunmuş, bu məqsədlə Akademiyada ədliyyə orqanlarına qulluğa qəbul edilən, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlər icbari təlimlərə cəlb olunurlar.

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” nda əsas prioritetlərdən biri də hakimlərin, ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlıq səviyyəsinin artırılması müəyyən edilmişdir.

Hakimlərin peşə hazırlığının davamlı və mütəşəkkil artırılmasının ədalət mühakiməsinin səmərəliliyinə təsiri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 1oktyabr 2009-cu il tarixli Fərmanı ilə hakimlərin davamlı və hakimliyə namizədlərin uzunmüddətli tədrisi sahəsində Akademiyanın üzərinə əlavə mühüm vəzifələr qoyulmuşdur.

Hakimlərin davamlı tədris işinə Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin mövcud olmadıgı dövrdə yəni, 1959-1970-ci illərdə isə Respublika Ali Məhkəməsi rəhbərlik etmiş, sonra yenidən ixtisasartırma kursları Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərmişdir.

Tarixə nəzər salıb qeyd etmək olar ki, Sovet orqanlarında hüquq kardlarının hazırlanması haqqında 4 oktyabr 1986-cı il tarixli qərar qəbul olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində Xəlilbəy Xasməmmədov adına hüquq kadrlarının təkmilləşdirilməsi institutunun yaradılmasına dair 1993-cü il 22 iyun tarixli qərar qəbul olunmuşdur.

Azərbaycan Respublikasında yeni məhkəmə sisteminin formalaşdırılması, hakimlərin və hakimliyə namizədlərin, ədliyyə orqanlarında çalışan hüquq kadrlarının peşə hazırlığının artırlması, habelə hüquq sahələrinə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun əsasında Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi yaradılmışdır.

Ədliyyə Akademiyasının əsas vəzifələri:

  1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi;
  2. ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının həyata  keçirilməsi və əlavə təhsilinin təmin edilməsi;
  3. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə hakimlərin davamlı tədrisinin keçirilməsi;
  4. hüquq elmləri sahəsində dissertantların və doktorantların hazırlanması;
  5. ali ixtisas təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin hüquqi biliklərə yiyələnməsi məqsədilə hazırlanması və əlavə təhsilinin həyata keçirilməsi;
  6. ali təhsil müəssisələrinin elmi-pedaqoji heyətinin əlavə təhsilinin həyata keçirilməsi;
  7. dövlətin və cəmiyyətin yüksək ixtisaslı hüquq mütəxəssislərinə olan ehtiyacının ödənilməsi;
  8. fundamental və tətbiqi elmi araşdırmaların aparılması, məhkəmə, hüquq mühafizə orqanları və digər dövlət və qeyri-dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materialların, tövsiyələrin hazırlanması;
  9. Akademiyanın maddi-texniki və metodiki bazasının, tədris və elmi fəaliyyətinin daim inkişaf etdirilməsi;
  10. cəmiyyətin mədəni, mənəvi və elmi dəyərlərinin qorunması və artırılması;
  11. hüquqi maarifləndirmə işinin aparılması.

Akademiya aşağıdakı kateqoriyadan olan dinləyicilərin hazırlanmasını və ixtisasının artırılmasını həyata keçirir:

  1. ədliyyə işçilərinin və ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunan namizədlərin;
  2. hakimlərin, hakim vəzifəsinə namizədlərin;
  3. ilk dəfə prokurorluq orqanlarına qulluğa qəbul olunan namizədlərin;
  4. məhkəmə aparatı işçilərinin;
  5. vəkillərin və vəkilliyə namizədlərin;
  6. xüsusi notariusların;
  7. dövlət orqanları işçilərinin, bələdiyyə üzvlərinin və qulluqçularının;
  8. mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinin;
  9. akademiyanın fəaliyyətinin əsas məqsədlərinə və vəzifələrinə müvafiq digər kateqoriyalardan olan şəxslərin.

Hal-hazırda Ədliyyə Akademiyasında 7 fakültə:

  1. Ədliyyə fəaliyyəti üzrə ixtisasartırma və peşəyə buraxılış fakültəsi;
  2. Penitensiar xidmət  işçilərinin təlimi bölməsi;
  3. Hakimlərin və hakimliyə namizədlərin tədrisi fakültəsi;
  4. Məhkəmə işçilərinin ixtisasartırma fakültəsi;
  5. Prokurorluq fəaliyyəti üzrə peşəyə buraxılış fakültəsi;
  6. Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsi;
  7. Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hüquqi hazırlıq fakültəsi.

Eyni zamanda 6 kafedra:

  • Konstitusiya və Avropa hüququ kafedrası;
  • Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası;
  • Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrası;
  • Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası;
  • Mülki və inzibati qanunvericilik kafedrası;
  • Ədliyyə sahəsində idarəetmə kafedrası.

Bununla yanaşı 7 şöbə və bölmələr:

  1. Maliyyə-təsərrüfat şöbəsi;
  2. Katiblik (şöbə səlahiyyətli);
  3. Elmi-tədqiqat və məhkəmə presedenti şöbəsi;
  4. Aspirantura və doktorantura şöbəsi;
  5. Tədris və ETV-lə təminat şöbəsi;
  6. Kadrlar bölməsi;
  7. Kitabxana (bölmə səlahiyyətli) fəaliyyət göstərir.

Məhkəmə-Hüquq Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təcrübəyə uyğun təşkil olunan tədris prosesinə Avropa Şurası, Avropa Komissiyası, ATƏT, UNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Ümumi Hüquq Təşkilatı, Almaniya Əməkdaşlıq Cəmiyyəti və digər təşkilatların nüfuzlu ekspertləri cəlb olunurlar.

Azərbaycan Respublikası ədalət mühakiməsinin müstəqilliyinin və səmərəliliyinin daha da artırılması istiqamətində Avropa Şurası, o cümlədən hakimlərin və prokurorların tədrisinə məsul olan şəxslər və təşkilatlar arasında məlumat mübadiləsi üzrə Avropa Şəbəkəsi, Ədalət mühakiməsinin səmərəliliyinin artırlması üzrə Avropa Komissiyası (CEPEJ) ilə sıx əməkdaşlıq edir.

Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ədliyyə və məhkəmə işçiləri, habelə hakimlər və hakimliyə namizədlər üçün təlim və tədris səfərlərinin təşkili, tədris proqramlarının təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər aparılır.

Həmçinin, Avropa Qonşuluq Siyasəti çərçivəsində 2011-2013-cü illəri əhatə edən “Azərbaycanda ədliyyə sahəsində islahatlara dəstək” Proqramı həyata keçirilməkdədir. Proqramın əsas istiqamətlərindən biri olan Ədliyyə Akademiyasının fəaliyyətinə dəstəkdir. Həmin layihə üzrə inzibati heyətin potensialının və səriştəsinin artırılması, qabaqcıl ixtisasartırma kursların tətbiqi, akademiyanın təqdim etdiyi kurslar və proqramlar barədə ictimaiyyətin məlumatlandırılması, professor-müəllim heyətinin komplektləşdirilməsi və yardımçı infrastrukturun genişləndirilməsi, əhaliyə hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.