Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA XOCALI SOYQIRIMI FACİƏSİNİN İYİRMİ ÜÇÜNCÜ İL DÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR

2015-02-26

Ədliyyə Akademiyasında Respublikanın digər idarə və təşkilatlarında olduğu kimi 26 fevral 2015-ci il tarixdə Xocalı soyqırımı faciəsinin iyirmi ücüncü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

 

 

Tədbirdə Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 

Tədbirdə qeyd edilmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

 

 

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

 

 

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

 

 

Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır.

 

 

Tədbirdə Xocalı soyqrımına həsr olunmuş film  nümayiş  etdirilmişdir.