Xəbərlər

20 YANVAR FACİƏSİNİN İYİRMİ ALTINCI İLDÖNÜMÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

2016-01-20

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü respublikanın digər idarə və təşkilatlarında olduğu kimi Ədliyyə Akademiyasında da qeyd edilmişdir.

 

 

Faciənin ildönümünü qeyd etmək üçün Ədliyyə Akademiyası kollektivinin iştirakı ilə tədbir keçirilmişdir.

 

 

Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətləri və Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütləsinin qəzəbinə səbəb olmuşdur.

 

 

Bunun nəticəsində Bakının küçələrinə və meydanlarına çıxaraq öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə həmin gecə xalqımıza qarşı törədilən qanlı cinayət nəticəsində 132 nəfər qətlə yetirilmiş, 612 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, yüzlərlə bina dağıdılmış, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəymişdir.

 

 

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Xüsusilə vurğulanmışdır ki, həmin ağır günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev  tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verilmiş, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, şəhid ailələri və əlillər dövlət qayğısı ilə əhatə olunmuşdur.

 

 

Tədbirdən sonra Akademiyanın kollektivi Nizami adına kinoteatrında nümayiş edilən “Qanlı Yanvar” filmini izlədilər.