Xəbərlər

GƏNCLƏR GÜNÜ ƏDLİYYƏ AKADEMİYASINDA QEYD EDİLMİŞDİR

2016-02-02

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününü ölkəmizin hər yerində Azərbaycan gəncləri böyük uğurla qeyd edirlər.

 

 

 

Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu məqsədlə Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmış, 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. 2 fevral 1996-cı il tarixdə Prezident Heydər Əliyevin iştirak ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.

 

 

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi də öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil almasına dəstəyi, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər arasında idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması, gənclərin məşğulluğunun təmin olunması, həmçinin gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.

 

 

Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.

 

 

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 2 fevral 2016-cı il tarixdə bu əlamətdar günə həsr olunmuş tədbir keçirilmişdir.

 

 

Tədbirdə akademiyanın gənc əməkdaşları və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin qarşısında Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək bu günün əhəmiyyətini qeyd etmişdir.

 

 

Daha sonra Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Bakı Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov mühazirələrlə çıxış etmişlər. Mühazirələr dinləyicilərin böyük maraq və diqqətinə səbəb olmuşdur.