Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA “ASAN XİDMƏT” MƏRKƏZLƏRİ ƏMƏKDAŞLARI ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2016-02-26

Azərbaycan Respublikası Prezidentinin müstəsna dəstəyi ilə yaradılan "ASAN xidmət" mərkəzlərinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin ("dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşması) formalaşdırılmasıdır, ulu öndərin müəllifi olduğu dövlətçilik strategiyasının əsas prinsipi olan vətəndaş məmnunluğunun təmin edilməsidir. 

 


Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ədliyyə Akademiyası arasında aparılan sıx əməkdaşlıq sayəsində kadrlar ixtisasartırma kurslarına cəlb olunurlar.

 


22-26.02.2016-cı il tarixlərdə "ASAN xidmət" mərkəzlərində çalışan 32 nəfər əməkdaşın hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçiblər.

 


Kursun proqramına uyğun olaraq xidmət əməkdaşlarına qanunvericilik və təcrübi əhəmiyyətə malik aktual məsələlər ilə bağlı mövzular tədris olunub. Belə ki,  korrupsiya və onunla mübarizə tədbirləri, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının xüsusiyyətləri, Notariat hərəkətlərinin aparılmasının əsas qaydaları, daşınmaz əmlakla bağlı yaranan hüquqların dövlət qeydiyyatının aparılması şərtləri və daşınmaz əmlakın dövlət reyestri, əmək qanunvericiliyində istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına dair mövzulara xüsusi diqqət yetirilib.

 


Dinləyicilər kurs müddətində əldə etdikləri biliklərin onların peşəkarlıqlarının artırılmasına və vətəndaşların hüquqlarının müdafiəsində göstərdikləri xidmətə müsbət təsir edəcəyini qeyd ediblər.

 


Sonda iştirakçılara sertifaklar təqdim edilib.

           


Tədris tədbirləri silsilə xarakter daşıyır.