Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA DÖVLƏT QULLUQÇULARININ XİDMƏTİ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ QAYDALARININ TƏTBİQİ MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2016-03-11

Son dövrlərdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, bu məsələdə müasir beynəlxalq yanaşmaların tətbiqi dövlət orqanlarının diqqət mərkəzindədir. Belə ki,“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə müvafiq olaraq “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” Qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.Eyni zamanda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 17-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir.

 

 

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” Qaydalarının dəqiq və dürüst icrası onun gələcəkdə ədliyyə orqanlarında tətbiq edilməsi və bu prosesdə yarana biləcək maneələrin aradan qaldırılması məqsədi ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ilə birgə 10-11 mart 2016-cı il tarixlərində ədliyyə orqanlarının kadr xidməti əməkdaşları üçün təlim keçirilmişdir.

 

 

Təlimdə qeyd edilmişdir ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirmək və gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə kimi meyarlar üzrə qiymətləndirilir.Həmçinin meyar olaraq, işçinin kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlərinə də diqqət yetirilir. Belə ki, işçinin komanda tərkibində və iş yoldaşları ilə sıx əlaqədə işləmək, rəhbərlərlə və iş yoldaşları ilə ünsiyyət, xoş və işgüzar münasibətlər qurmaq, iş yoldaşlarına dəstək olmaq və lazım gəldikdə onlardan dəstək ala bilmək, qrupun aktiv üzvü olaraq qrup hədəflərinin gerçəkləşməsinə çalışmaq, iş üzrə hədəflərə nail olmaq üçün digər qurumlar, şöbələr, sektorlar və əməkdaşlar arasında əlaqələr qurmaq bacarığının qiymətləndirilməsi nəzərdə tutulur.Rəhbər işçilərin qiymətləndirilməsi isə əlavə olaraq təhlil və proqnozlaşdırma, idarəetmə, kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı, komanda qurmaq bacarığı və s. kimi meyarlar əsasında aparılır.

 

 

Həmçinin təlimlərdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə qaydalar, həmçinin dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu bir sıra tapşırıqlar praktiki misallar nümunələri göstərilməklə izah edilmişdir. Təlimlər silsilə xarakter daşıyacaqdır.