Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİNİNPEŞƏKARLIQ SƏVİYYƏSİNİN ARTIRILMASI MƏQSƏDİLƏ MÜTƏMADİ İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2016-03-11

Son illərdə ölkəmizdə məhkəmə islahatları ilə bağlı ciddi addımlar atılmışdır. Ardıcıl surətdə aparılan bu islahatların əsas məqsədi məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi kimi nəticələrə nail olunmuşdur. Bu gün həmin məqsədlərdən irəli gələn əsas vəzifələr uğurla başa çatdırılmış, müvafiq qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmiş və peşəkar hakim korpusu formalaşdırılmışdır. Lakin cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır.

 

 

Ölkə Prezidenti cənab İlham Əliyevin 04 noyabr  2015-ci il tarixində  Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki nitqində qeyd etdiyi dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bununla əlaqədar yeni hakimlərin peşəkar səviyyəsinə uyğun gələn məhkəmə aparatı işçilərinin formalaşdırılması, onların nəzəri və təcrübi biliklərinin vəhdətinə nail olacaq proqramlar əsasında tədrisinin təşkil edilməsi Ədliyyə Akademiyasının qarşısında duran əsas məqsədlərdən biridir.

 

 

Bu məqsədlə 08-09 dekabr 2015-ci il tarixlərində Bakı şəhəri Sabunçu məhkəmə kompleksində məhkəmə aparatının işciləri və icra məmurları üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri” mövzusunda tədris kursu,cari ilin 22-23 fevral tarixlərində Ədliyyə Akademiyasında və 11 mart tarixində Şəki Məhkəmə Kompleksində məhkəmə aparatının işçiləri üçün ixtisasartırma kursu keçirilmişdir. Keçirilən kurslar zamanı elektron hökumət, Ədliyyə Nazirliyi və məhkəmələrin qarşılıqlı əlaqəsi, məhkəmə orqanlarında statistik hesabatların əhəmiyyəti və tərtibatı xüsusiyyətləri, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və məhkəmə fəaliyyətində müasir texnologiyaların tətbiqi məsələləri, korrupsiya ilə mübarizənin hüquqi əsasları, dövlət orqanlarında  qulluq keçmənin hüquqi əsasları, məhkəmələrdə kargüzarlığın və arxiv işinin təşkili, əmək qanunvericiliyinin bəzi məsələləri, bədbəxt hadisələr və bəzi ekstremal hallarda ilk tibbi yardım kimi aktual məsələlərə toxunulmuşdur.

 

 

Ədliyyə Akademiyası tərəfindən bu sahədə tədbirlərin gələcəkdə də davam etdirilməsi və regionlarda  məhkəmə aparatının işçiləri üçün ixtisasartırma kurslarının təşkili planlaşdırılır.