Xəbərlər

HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM KEÇİBLƏR

2017-05-09

Ölkə Prezidenti  İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarına uyğun olaraq hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması ilə bağlı tədbirlər görülür, bu məqsədilə Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq olunur.

 

Hazırda çoxmərhələli prosedurlara uyğun aparılmış növbəti seçim zamanı uğur qazanmış 126 nəfər namizəd lazımi biliyə və peşə hazırlığına yiyələnmələri üçün Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər. Kurs zamanı onların, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir.

 

Bu məqsədlə bütün hakimliyə namizədlərin Türkiyədə  nəzəri və praktiki təlimlər keçməsi üçün qardaş ölkənin Ədliyyə Akademiyası ilə razılıq əldə olunub və artıq namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada iki həftəlik tədris səfərlərində olublar. Kursun proqramına uyğun olaraq digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar.

 

Səfər zamanı azərbaycanlı hüquqşünaslar Ankarada Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

 

Təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər zamanı Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququ, mülki və cinayət prosessual hüququn bəzi müddəaları, məhkəmə iclasının idarə olunması və s. aktual mövzular üzrə tədris olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

 

Namizədlər, həmçinin Türkiyə Böyük Millət Məclisində, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində təcrübi məşğələlər keçib, Türkiyənin məhkəmə-hüquq sistemi ilə tanış olub, habelə 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində keçirilmiş tədbirdə iştirak ediblər.