Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI HAKİMLƏR, VƏKİLLƏR VƏ DİGƏR HÜQUQŞÜNASLAR ÜÇÜN TƏLİMLƏR KEÇİRİB

2017-05-05

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə Avropanın ən mütərəqqi modellərindən istifadə edilir, hakimlərlə sorğular keçirilərək onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilməklə tədris proqramları hazırlanır və Ədliyyə Akademiyası tərəfindən, o cümlədən beynəlxalq təşkilatlarla birgə mütəmadi tədris tədbirləri keçirilir.

 

Cari ilin mayında Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində mülkiyyət hüququ və ayrı-seçkiliyin qadağan olunması" mövzusunda təlim keçirilib.

 

Təlimdə Avropa Şurasının beynəlxalq eksperti İvana Roagnanın, Bakı Apellyasiya və Yasamal Rayon məhkəmələrinin hakimlərinin təqdimatları dinlənilib.

 

Apellyasiya və birinci instansiya məhkəmələrindən 20-dən artıq hakimin cəlb olunduğu təlimdə mülkiyyətin (əmlak) anlayışı: daxili qanunvericilik və Avropa Məhkəməsinin yanaşması, mülkiyyətdən məhrum edilmə, istifadəyə nəzarət və maneəsiz istifadə prinsipi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə mülkiyyət hüququnun məhdudlaşdırılması və müdafiəsi, həmin maddə üzrə Azərbaycanla bağlı qərarların müzakirəsi, Avropa Məhkəməsi standartlarında ayrı-seçkiliyin qadağan olunması: əhatə dairəsi, müdafiə olunan əsaslar, 14-cü maddəyə və 12 Saylı Protokolun 1-ci maddəsinə əsasən ayrı-seçkiliyin qadağan olunması, komparatorun anlayışı, ağlabatan və obyektiv əsaslandırma kimi məsələlər tədris olunub və mövzu ilə bağlı kazuslar müzakirə edilib.

 

Eyni zamanda, apellyasiya və birinci instansiya məhkəmələrindən 11 hakim üçün "Hakimlərin deontologiya məsələləri və Etik Davranış Kodeksi" mövzusunda ixtisasartırma kursu keçirilərək hakimlərin etik davranışının xüsusiyyətləri, milli qanunvericilik və təcrübə, müasir idarəetmənin sosial-hüquqi aspektləri, hakimlərin kütləvi-informasiya vasitələri ilə qarşılıqlı münasibətləri kimi mövzularda mühazirələr oxunub.

 

 

Bununla yanaşı, Akademiya tərəfindən Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı  layihəsinin icrası çərçivəsində Bakı şəhəri və regionlarda silsilə təlimlər davam etdirilərək Şəkidə vəkillərdən və məhkəmə aparatı işçilərindən ibarət 35 nəfər dinləyici üçün "Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ) və 14-cü maddə (Ayrı-seçkiliyin qadağan olunması) mövzusunda ixtisasartırma kursu təşkil edilib.