Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCBARİ TƏLİM KURSUNA BAŞLANILIB

2017-11-29

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.

 

Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.

 

Ədliyyə Akademiyasında həmin kursun açılışı olub. Nazirliyin Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov və Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə müsabiqədən uğurla keçən namizədlərin peşə fəaliyyətinə buraxılmaları üçün keçirilən icbari təlimin əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, zəruri tövsiyələr veriblər.

 

Kursun ilk günündə hüquq islahatları mövzusunda çıxış edən nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi sahədə aparılan islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə bu sahədə islahatların yeni mərhələyə keçdiyini, bununla əlaqədar görülən işləri və qarşıda duran mühüm tədbirləri qeyd edib.

 

Sonra təlimin proqramı üzrə digər mövzularda mühazirələr dinlənilib.