Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-11-27

Cari ilin 27 noyabr tarixində Şəki şəhərində yerləşən “Sheki Palace” mehmanxanasında Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) mövzusunda təlim keçirilib.

 

Məhkəmə aparatı işçiləri üçün keçirilən təlimin proqramında “8-ci maddənin əhatə dairəsi”, “Maddənin aspektləri: Şəxsi həyat”, “Ailə həyatı, Mənzilə hörmət hüququ və Yazışma sirrinin toxunulmazlığı”, “8-ci maddənin tətbiqi ilə bağlı yoxlamanın ikinci mərhələsi”, “8-ci maddə üzrə geri çəkilmə müddəası: dövlətin mülahizəsi sərbəstliyi; pozitiv və neqativ öhdəliklər” barədə mövzular nəzərdə tutulub.

 

Proqramda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının “Cinayət və cəza-icra hüququ, kriminologiya” kafedrasının  baş müəllimi, I dərəcəli ədliyyə qulluqçusu Şəlalə Quluzadə və hüquqşünaslar Nuranə İbadova, Vəfa Rüstəm tərəfindən həyata keçirilib.

 

Təlimdə Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan rayon məhkəmələrindən ümumilikdə 25 nəfər məhkəmə aparatı işçisi iştirak edib.