Xəbərlər

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ KASKAD (SİLSİLƏ) TƏLİM KEÇİRİLİB

2018-11-30

Cari ilin 28-30 noyabr  tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və  Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə Lənkəran rayonunda, “Palmalife” mehmanxanasında “Cinayət təqibini həyata keçirən orqanlar üçün insan alverinə qarşı mübarizə” mövzusunda  üç günlük kaskad təlim təşkil olunmuşdur. Təlimin açılışında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Rübabə Məmmədova çıxış edib.

 

Ümumilikdə 16 nəfər hakim, vəkil və prokurorların iştirak etdiyi təlimdə Makedoniya Ədliyyə Akademiyasının rektoru Aneta Arnaudovskanın, Daxili İşlər Nazirliyi, İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşı, polis leytenantı Fuad Əliyevin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanovun, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin və Vəkillər Kollegiyasının üzvü Vüqar Hacıyevin mühazirələri dinlənilib.

 

Təlim iştirakçılarına insan alveri  və digər cinayətlər arasında fərq yaradan milli aspektlər, risk faktorları və risk qrupları, insan alveri  və digər cinayətlər arasında fərqləri aşılayan beynəlxalq hüquqi çərçivə və əsas hüquqi anlayışlar, insan alverinin obyektiv və subyektiv elementləri arasında fərqin müəyyən edilməsinə aid beynəlxalq anlayışlar, yerli təcrübədə insan alveri üzrə beynəlxalq anlayışların tətbiqində  yaranan problemlər, qurbanlar, müəyyənləşdirmə faktorları, qurban olmaq riski, cinayətdə qurbanlar və cinayət iştirakçılar arasındakı fərqlər, miqrantlar və insan alveri qurbanları, uşaq alverinin xüsusiyyətləri, qurban üçün şərtlər və şərait, dəstək, reabilitasiya və müdafiə prosessual və qeyri - prosessual tədbirlər, milli istiqamətləndirmə mexanizminin rolu, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların rolu, prosessual tədbirlər, bu sahədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təcrübəsi və və s. barədə ətraflı məlumatlar verilib.


Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.