Xəbərlər

BDU-NUN HÜQUQ FAKÜLTƏSİNİN 90 İLLİK YUBİLEYİNDƏ FAKÜLTƏNİN ƏDLİYYƏ NAZİRLİYİ İLƏ ƏMƏKDAŞLIĞI XÜSUSİ VURĞULANIB

2019-01-24

Bakı Dövlət Universitetində Hüquq fakültəsinin yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyası və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” adlı beynəlxalq konfransın plenar iclası keçirilib. Tədbirdə mühüm dövlət strukturlarının, o cümlədən Ədliyyə Nazirliyinin nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar, respublikanın tanınmış hüquqşünas alimləri, hakimlər, vəkillər və ziyalılar, Hüquq fakültəsinin keçmiş məzunları və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər BDU-nun 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bir sıra tədbirlərin keçirilməsini, o cümlədən 90 illiyi qeyd olunan Hüquq fakültəsinin respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasındakı rolunu, fakültənin fəaliyyət göstərdiyi müddətdə on minlərlə yüksək ixtisaslı hüquqşünas kadrlar yetişdirilməsini, respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin etməsini xüsusi vurğulamışlar. Bildirilib ki, Hüquq fakültəsi BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir, onun tarixi BDU-nun yarandığı ilk illərə təsadüf edir. Fakültənin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra Hüquq fakültəsində mühüm dəyişikliklərin əsası qoyulub, məhz bu dövrdən başlayaraq hüquq elmi və təhsilini tədris edən alimlər sırasına azərbaycanlıların cəlb edilməsi prosesi sürətləndirilib, Azərbaycanda beynəlxalq hüquq məktəbi qurulub.

Qeyd edilib ki, hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi elm və təhsil sahəsindəki nailiyyətlər Hüquq fakültəsində müvəffəqiyyətlə davam etdirilir.

Tədbirdə Hüquq fakültəsinin digər dövlət orqanları ilə yanaşı, Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı da xüsusi vurğulanıb. Bildirilib ki, fakültədə fəaliyyət göstərən Dövlət İmtahan Komissiyalarının ikisinə Ədliyyə nazirinin müavinləri A.Cəfərov və T.Musayev tərəfindən rəhbərlik edilir, fakültənin professor-müəllim heyəti Nazirliyin fəaliyyətinə ekspert qismində cəlb edilir, onların təcrübəsindən və biliklərindən  daim Ədliyyə Akademiyası və Məhkəmə Ekspertiza Mərkəzi bəhrələnir. Öz növbəsində hüqüq təhsilində nəzəriyyənin və təcrübənin vəhdətini təmin etmək məqsədilə Ədliyyə Nazirlyi fakültənin tələbələri üçün məhkəmələrdə təcrübə keçməsini təşkil edir, Ədliyyə Akademiyası Hüquq klinikasında onları pulsuz hüquqi yardım fəaliyyətinə cəlb edir. Həmçinin tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Hüquq fakültəsinin dekanı Ə.Əliyev ədliyyə orqanları üçün hüquqşünas kadrların hazırlanması işinə töhfələr verdiyinə görə və Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Ədliyyəsinin 100 illiyi xatirə nişanı” ilə təltif edilib. Xatirə nişanı Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən  E.Xələfov tərəfindən Ə.Əliyevə təqdim edilib.