Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA PROBASIYA İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLİB

2019-03-11

Əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq həyata keçirilən islahatlar və yeniliklər geniş işıqlandırılır, nazirliyin fəaliyyət istiqamətləri, vəzifələri barədə kütləvi informasiya vasitələrinin iştirakı ilə brifinqlər, seminar-müşavirələr, digər maarifləndirici tədbirlər təşkil olunur.

Martın 11-də Ədliyyə Akademiyasında Mətbuat Şurası ilə birgə "Probasiya xidmətinin yaradılması, qarşıda duran vəzifələr" mövzusunda seminar keçirilib.

Seminarda nazirliyin və Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, ASAN könüllüləri, SABAH qrupları və hüquq fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov Ədliyyə Nazirliyinin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğunu, ictimai iştirakçılığa, kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyətə böyük önəm verdiyini vurğulayıb, onların nazirliyin maarifləndirmə işlərində fəal iştirakının əhəmiyyətini qeyd edib, seminarın tədbirin məqsədlərindən danışıb.

Tədbirin açılışında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Sonra Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məruzə ilə çıxış edərək cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verib, qısa müddətdə bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlərin görüldüyü, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqini vurğulayıb.

Eyni zamanda, tədbirdə Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti ilə bağlı video-çarx nümayiş olunub, KİV nümayəndələri elektron nəzarət vasitələrinin imkanları və tətbiqi xüsusiyyətləri ilə tanış olublar.

Sonda Probasiya xidmətinin yaranması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və xidmətin gələcək perspektivlərinə dair jurnalistlərin sualları cavablandırılıb.

Ədliyyə Akademiyası tərəfindən keçirilən maarifləndirmə tədbirləri mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcəkdir.