Xəbərlər

"İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ POTENSİALLARIN ARTIRILMASI" LAYİHƏSİ BAŞA ÇATIB

2019-06-19

Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam Isakzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Xarici İşlər Nazirliyi Humanitar və Sosial məsələlər idarəsinin rəhbəri Əlimirzamin Əskərov, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev və Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov giriş nitqi ilə çıxış edib, layihənin icrası dövründə keçirilmiş təlimlərdən, təşkil olunmuş tədris səfərlərindən, çap olunmuş kurikulum və dərs vəsaitindən və digər görülmüş işlər barədə məlumat verib, layihənin uğurlu gedişatından bəhs ediblər.
Daha sonra BMqT-nin Azərbaycandakı Nümayəndəliyində layihə rəhbəri Marija Nikolovska layihə çərçivəsində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Tədbirdə hakimlər, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Akademiyasının əməkdaşları, Vəkillər Kollegiyasının üzvü və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
2016-cı ilin noyabr ayından etibarən Avropa İttifaqı və BMqT-nin İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin məqsədi insan alverinə qarşı effektiv mübarizə aparmaq və insan alveri qurbanlarını müdafiə etmək sahəsində bilik və bacarıqların artırılmasından ibarət olub.

Yekunda BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri V.Gjorgjiev layihə çərçivəsində uğurlu əməkdaşlığa görə Təşkilatın tərəfdaşlarına təşəkkürnamələr təqdim edib.