Xəbərlər

MƏHKƏMƏ EKSPERTİZASI FƏALİYYƏTİNƏ DAİR QANUNVERİCİLİKDƏKİ YENİLİKLƏRƏ DAİR SEMİNAR KEÇİRİLİB

2019-12-30

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən çoxsaylı yeni qanun layihələri hazırlanaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu yaxınlarda məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qanunlar qəbul olunub.
Yeni qanunvericilikdəki dəyişikliklərin öyrənilməsi və düzgün tətbiq edilməsi məqsədilə dekabrın 30-da Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti struktur qurumların məsul şəxslərinin və əməkdaşlarının iştirakı ilə "Məhkəmə ekspertiza fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib.
Seminarı giriş nitqi ilə açan Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl ekspertiza institutunun yaradılması ilə bağlı 2020-ci il martın 1-dən qüvvəyə minən qanunvericilikdəki dəyişikliklərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində, keyfiyyətli hüquqi xidmətlərinin göstərilməsində xüsusi əhəmiyyətini vurğulayıb, yeni qanunların düzgün tətbiqində təlimlərin vacibliyini qeyd edib.
Sonra Nazirliyin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov çıxış edərək məhkəmə ekspertizası sahəsində qanunvericiliyə edilən əsaslı dəyişikliklər barədə məlumat verib. Bildirib ki, həmin dəyişikliklərlə məhkəmə ekspertinə verilən tələblər, məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi, attestasiyası, məhkəmə ekspertlərinin reyestri, məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri, məhkəmə ekspertizasının aparılmasının əsasları və digər məsələlər öz əksini tapıb.
Həmçinin qeyd olunub ki, mühüm yenilikləri nəzərdə tutan bu dəyişikliklər nəticəsində məhkəmə ekspertizasını həyata keçirmək, habelə ekspertizanın keçirilməsini təyin (sifariş) etmək hüququ olan subyektlərin dairəsi genişləndirilir. Ekspertizanın keçirilməsi və ekspert rəyinin verilməsi müddətləri dəqiqləşdirilir.
Dəyişikliklər nəticəsində ölkəmizdə ilk dəfə tətbiq edilən özəl ekspertiza institutu bütün fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkilləri və nümayəndələrinə imkan verəcək ki, onlar özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etsinlər.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verdikləri təqdirdə Ədliyyə Nazirliyi tərəfindən onlara şəhadətnamə veriləcək və reyestrləri aparılacaq. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəkdir.
Seminarda Məhkəmə ekspertizası mərkəzinin şöbə rəisi Cabir Ahmet “Prosessual qanunvericilikdə son dəyişikliklərə uyğun olaraq məhkəmə ekspertizasının həyata keçirilməsi mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. O, ekspertiza institutunun keçdiyi tarixi inkişaf yolundan, məhkəmə ekspertizasının müasir imkanlarından, o cümlədən akkreditasiya olunmuş ekspertiza metodlarından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.