Xəbərlər

Ədliyyə Akademiyasının fəaliyyətinə dair onlayn ictimai müzakirə keçirilib

2020-09-09

   Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir.AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində sentyabrın 9-da Ədliyyə Nazirliyi tərəfindən “Ədliyyə Akademiyasının fəaliyyəti” mövzusunda onlayn qaydada ictimai müzakirə keçirilib.İctimai müzakirədə iştirak edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Akademiyanın tədris şöbəsinin rəisi Mehriban Əfəndizadə Akademiyanın əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.Bildirilib ki, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturu daxilində Ədliyyə Akademiyası yaradılıb. 2008-ci il 21 noyabr tarixli Fərmanla Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiqlənib. Ədliyyə Akademiyasının fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılmasıdır. Məlumat verilib ki, Ədliyyə Akademiyası pandemiya dövründə geniş fəaliyyət göstərib. Fəaliyyət əsasən distant formada olub. Bundan başqa, ixtisasa buraxılış, ixtisasartırma təlimləri və kursları təşkil olunub. Sentyabrda tədbirin başlanması ilə Akademiya fəaliyyətini bu sahədə daha da genişləndirəcək. Ədliyyə Akademiyasında hər ixtisasa aid müvafiq fakültə fəaliyyət göstərir. Hər il beş minə yaxın müdavim Akademiyada bu kurslara cəlb olunur. Akademiya dövlət və qeyri-dövlət strukturları ilə sıx əməkdaşlıq edir. Akademiyada keçirilən ilkin ixtisasa buraxılış kurslarına ədliyyə, prokurorluq, orqanlarına, vəkillər kollegiyasının üzvlüyünə namizədlər, həmçinin hakimliyə namizədlər cəlb edilir. Ədliyyə Akademiyasında həyata keçirilən icbari təlimin tədris proqramları müvafiq orqanların nümayəndələri razılaşdırılır və Akademiyanın Elmi Şurasında müzakirə edilir. Tədris proqramlarında zəruri və praktiki əhəmiyyət kəsb edən mövzuların daxil etmək məqsədilə Elmi Şuranın tərkibinə maqlı orqanların nümayəndələri daxil edilmişdir. Müxtəlif fikirlərin nəzərə alınması, həmçinin müdavimlər arasında proqramların keyfiyyəti barəsində sorğuların keçirilməsi və nəzərə alınması onları daha dolğun və təcrübi fəaliyyət üçün faydalı edir.Qeyd edilib ki, Akademiyada tədris olunan kurslar hüquq fakültəsində tədris olunan mövzulardan praktiki əhəmiyyəti ilə fərqlənir. Tədrisə təlimçi qismində praktiki işçilər – hakimlər, prokurorlar, vəkillər cəlb edilir. Əsasən könüllük əsasında təlimlərə cəlb olunan hakimlər, vəkillər, prokurorluq orqanlarının əməkdaşlarına təlimçi kurslarında pedaqoji vərdişlər aşılanır. Hüquq fakültəsinin müəllimlərinin imkanlarından da geniş istifadə olunur. Əsas təlimçi baza isə məhz praktiki çalışan əməkdaşlardır.Diqqətə çatdırılıb ki, ixtisasartırma sahəsində tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi Akademiya üçün çox önəmlidir. Bu sahədə geniş təcrübəyə malik olan xarici dövlətlərin Ədliyyə Akademiyaların fəaliyyəti və onların tədris proqramları öyrənilir. Bu istiqamətdə Avropa Şurasının və Avropa İttifaqının Akademiyanın potensialının artırılması ilə bağlı bir sıra layihələri həyata keçirilib. Bu layihələr çərçivəsində mövcud proqramların təkmilləşdirilməsi, təlimçilərin təlimi layihələri icra olunub və bu təcrübədən faydalanılıb. Avropa İnsan Hüquqları Konvensiyasının presedent hüququnun öyrənilməsi ilə bağlı layihə çərçivəsində 2019-cu ildə Avropa Şurasının üzvü olan 47 ölkə arasında Azərbaycan istifadəçi sayına görə 10-cu yeri tutub. Xüsusilə hakimlərin, vəkillərin bu konvensiyanın öyrənilməsinə böyük marağı var. Bundan başqa, Akademiyada beynəlxalq təşkilatlarla tərəfdaşlığın, xarici ölkələrin akademiyaları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində, müxtəlif ölkələrlə imzalanmış sazişlər çərçivəsində birgə təlimlər keçirilib, videokonfranslar həyata keçirilib.Bildirilib ki, pandemiya dövründə Akademiyada elektron tədris aktuallaşıb. Distant tədrisin bir növü olan elektron tədris üçün müvafiq avadanlıq olmalıdır. Ədliyyə Akademiyası bu fəaliyyətə uzun müddətdir ki, hazırlaşmış və ilk növbədə onun veb-saytı yenilənib, Azərbaycan dilində mövcud olan müvafiq proqramlar yerləşdirilib. Saytda Avropa İnsan Hüquqları Konvensiyasının presedent hüququ ilə bağlı ayrıca guşə yaradılıb. Saytda yerləşdirilən məlumatlar hakimlər, prokurorlar, vəkillər və ədliyyə işçiləri tərəfindən geniş istifadə olunur. Həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının köməyi ilə akademiyanın elektron tədris platforması yaradılmış. Platformanın məqsədi tədris prosesinin elektronlaşdırılmasından və təlim materiallarının dinləyicilərə əlçatanlığının təmin olunmasıdır. Platformaya müxtəlif mövzularda videodərslər yerləşdirilib və bunlar ödənişsizdir. Bu çərçivədə pandemiya dövründə 500-dən çox dinləyici icbari və ixtisasartırma kurslarına distant şəkildə cəlb olunub.Qeyd olunub ki, Ədliyyə Akademiyasının tərkibindəki “Hüquqi təminat” bölməsi pulsuz hüquqi yardım göstərir. Bu bölməyə daxil olan vətəndaş müraciətləri və onların həllində Akademiyanın köməyi böyük əhəmiyyət kəsb edir. Belə ki, Akademiya bir tərəfdən nəzəri bilikləri təcrübə ilə zənginləşdirir, digər tərəfdən əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün pulsuz hüquqi yardım göstərərək cəmiyyət üçün faydalı fəaliyyət nümayiş etdirir. Hazırda Akademiya Vəkillər Kollegiyası ilə birlikdə Avropa Şurası ilə reallaşdırılan layihə çərçivəsində hüquq fakültəsinin tələbələrinin cəlb olunması ilə əhaliyə ödənişsiz hüquqi yardım göstərir. Artıq 2013-cü ildən etibarən 3 min vətəndaş ödənişsiz hüquqi yardımla təmin olunub. Bu il isə 200 nəfərə hüquqi yardım, o cümlədən distant şəkildə göstərilib.Onlayn ictimai müzakirədə Ədliyyə Akademiyasının bundan sonra ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının icrası və maarifləndirilməsi sahəsində fəaliyyətini əsirgəməyəcəyi vurğulanıb, həmçinin maraq doğuran digər məsələlərə toxunulub, sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.