Xəbərlər

Doğma torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir

2020-12-09

 Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi xalqımızın şanlı Qələbəsi ilə başa çatdı, müzəffər ordumuz tərəfindən erməni işğalçı qüvvələri ağır məğlubiyyətə uğradılaraq 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti və Vətən müharibəsində şanlı zəfərləri dekabrın 10-da keçiriləcək hərbi paradda bütün dünyaya bir daha nümayiş olunacaqdır.Bu şərəfli dönəmdə dövlətimizin başçısı dünyanın nüfuzlu medialarına verdiyi müsahibələrdə qəti iradəsi və diplomatik məharəti ilə Ermənistanı, həmçinin informasiya məkanında iflasa uğratdı, düşmənin yalan təbliğatını tam ifşa etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları beynəlxalq ictimaiyyətin düşmənin təcavüzkar siyasəti və ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri barədə hərtərəfli və dolğun məlumatlandırılmasına xidmət etdi.Dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayiş etdirən ədliyyə işçiləri də bu sahədə məqsədyönlü işlər apardı, nazirlik tərəfindən xarici dövlətlərin ədliyyə nazirlərinə, tərəfdaş olduğu və ya əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı 400-ə qədər müraciətlər ünvanlandı.Ədliyyə naziri Fikrət Məmmədov dünya prokurorlarının yeganə ittifaqı olan Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) qurumun senatoru və fəxri üzvü olaraq torpaqlarımızın azad olunması ilə bağlı yeni müraciət göndərib.BPA-nın Prezidentinə, Baş Katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə ünvanlanan müraciətdə uzun illərdir beynəlxalq hüququ kobudcasına pozan, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinin icrasına məhəl qoymayan Ermənistanın aparılan hərbi əməliyyatlarda Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyərək məğlubiyyəti ilə barışdığı, beynəlxalq hüquq normalarına əməl etməyin qaçılmaz olduğunu anlayaraq işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmaq məcburiyyətində qaldığı vurğulanıb.Bildirilib ki, dövlətimizin başçısı hər zaman sülhün tərəfdarı olaraq, Ermənistanın torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, hərbi əməliyyatları dərhal dayandırıb. Bununla tarixi ədalət qələbə çalaraq torpaqlarımız işğalçılardan təmizlənib, mühüm əhəmiyyət kəsb edən 3 rayonun – Ağdam, Kəlbəcər və Laçının siyasi yolla, qan tökülmədən qaytarılmasına nail olunub, xalqımız, o cümlədən məcburi köçkün vəziyyətinə düşmüş 750 minə yaxın soydaşımız öz dədə-baba yurdlarına qovuşub.BPA-nın üzvlərinin diqqəti azad olmuş ərazilərimizdə təcavüzkar düşmənin törətdiyi vəhşiliklərə cəlb olunaraq torpaqlarımızın büsbütün viran edildiyi, bütün infrastrukturun darmadağın olunduğu, tarixi, mədəni və dini irsimizin məhv edildiyi, beynəlxalq hüququn qadağan etdiyi digər qanunsuz əməlləri xüsusilə qeyd olunub.Bununla əlaqədar bölgədə insanların sülh, təhlükəsizlik və firavan qonşuluq şəraitində yaşayışının təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən həmin ərazilərin bərpa olunması ilə bağlı nəhəng quruculuq işlərinə başlanıldığı, o cümlədən artıq Şuşaya və digər azad olunmuş ərazilərə yol çəkilişlərinin həyata keçirildiyi bildirilib, dağıdılmış şəhərlərin, kəndlərin bərpa olunaraq yenidən inkişaf edəcəyi vurğulanıb.Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızda böyük coşqu ilə bərpa-quruculuq və abadlıq işlərinə, habelə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlanılması torpaqlarımızın dirçələcəyinə və yenidən orada həyatın tezliklə qaynayacağına qəti əminlik yaradır.