Xəbərlər

Ədliyyə Nazirliyində CPT-nin nümayəndə heyəti ilə videoformatda görüş

2020-12-22

 Azərbaycanda səfərdə olmuş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski və Komitənin digər təmsilçiləri ilə dekabrın 22-də ədliyyə naziri Fikrət Məmmədovun videokonfrans formatında görüşü olub.Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı çərçivəsində penitensiar sahədə həyata keçirilən islahatlar, cəza siyasətinin humanistləşdirilməsi, habelə COVİD-19 pandemiyasına qarşı ilə bağlı görülən tədbirlər və CPT-nin tövsiyələri üzrə görülmüş işlər barədə məlumat verilib.Məhkum və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ilə bağlı humanist tədbirlər, dövlət başçısının əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyətinin azadlığa buraxıldığı, 2.400-ə yaxın məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu və ya yüngül rejimli müəssisəyə keçirildiyi, 822 nəfərin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi vurğulanıb. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən ötən dövrdə 5.300-dən çox məhkumun cəzadan tamamilə azad olunduğu və ya cəza müddətinin azaldıldığı qeyd edilib, məhkəmələr tərəfindən ilbəil azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verildiyi, bu məqsədlə elektron qolbaqların geniş tətbiq olunduğu bildirilib.Videokonfrans zamanı CPT-nin ölkəmizə səfərlərinin nəticələri, Komitənin tövsiyələrinin icrası, azadlıqdan məhrum edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının təkmilləşdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub.Tədbirdə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov və Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov iştirak ediblər.