Xəbərlər

Ədliyyə və məhkəmə sisteminin inkişafı aparılan hərtərəfli islahatların real təzahürüdür Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun

2021-05-17

– Cənab nazir, ötən il Qələbə ili kimi yaddaşlarda qaldı. Bu Qələbəni həm də dövlətimizin hərtərəfli inkişafı şərtləndirmişdir. Bu mənada ədliyyə sahəsində islahatlar, o cümlədən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı xüsusi qeyd olunmalıdır. Fərmandan irəli gələrək ötən dövrdə məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə fikirləriniz maraqlı olardı. – İlk öncə, müsahibə üçün təşəkkürümü bildirirəm. Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olunub və artıq ölkəmiz böyük quruculuq dövrünə qədəm qoyub. Şübhəsiz ki, cənab Prezidentin ölkə başçısı kimi 17 illik fəaliyyəti ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, onun iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə yönələrək bu möhtəşəm qələbəmizi şərtləndirib. Dövlət başçısının qeyd etdiyi kimi, "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır". Nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə olması, dövlətin siyasi sabitliyi təmin etməsinə və hökumətin uzunmüddətli strategiyasına görə 10-11-ci yerlərdə qərarlaşması və bir daha dünyanın ən islahatçı 10 ölkəsi sırasına daxil edilməsi bunun əyani təzahürüdür. Eyni zamanda, insanların rifahının yaxşılaşması, sosial xidmətlərin asan, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə önəmli layihələrin gerçəkləşməsi xüsusi qeyd olunmalıdır. Ədliyyə və məhkəmə sisteminin inkişafı da cənab Prezidentin rəhbərliyi ilə aparılan hərtərəfli islahatların real təzahürü kimi qiymətləndirilməlidir. Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac vermişdir. Artıq Fərmanın qəbulundan iki il ötür və onun icrası ilə bağlı bu müddət ərzində kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülmüşdür. İlk növbədə, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılaraq Fərmanda qoyulmuş tapşırıqlar üzrə təhlillər aparılmış, beynəlxalq təcrübə öyrənilmiş, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihəsi işlənib hazırlanmış və artıq əksəriyyəti ölkə Prezidentinin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmişdir. Həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə zəruri tədbirlər görülmüş, icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin, habelə alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı "Özəl icra haqqında" Qanunun layihəsi işlənib hazırlanmışdır. Bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulmuş, bu institutun ölkəmizdə tətbiqinin mümkünlüyü müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl ekspertizanın tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq qanunvericilikdə mühüm dəyişikliklər edilmiş, Nazirlər Kabinetinin 29 iyun 2020-ci il tarixli qərarları ilə "Məhkəmə ekspertinin etik davranış kodeksi", "Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları" və "Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları" təsdiq olunmuşdur. Dövlət başçısı tərəfindən vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən sosialyönümlü tədbirlərin tərkib hissəsi olaraq hakimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılmış, habelə məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yeni layihələr hazırlanmışdır. Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilmiş, bu prosesdə çeviklik artırılmışdır. İmtahanların müasir texnologiyalar tətbiq edilməklə, 200-250 nəfərlik qruplarla, fasiləsiz olaraq keçirilməsi, namizədlərin sualları kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elanı təsbit olunmuşdur. Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilmiş, hakimliyə namizədlərin keyfiyyətli distant təlimi təşkil olunmuşdur. 44 nəfər namizəd bütün imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş və dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyin edilmişlər. Bununla yanaşı hakimlərin seçilməsi prosesi davam edir. Test və yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlə şifahi imtahanlara başlanılmışdır. 230 hüquqşünasla isə mart ayının 3-də test imtahanı keçirilmiş və 157 nəfər uğur qazanaraq növbəti mərhələyə buraxılmışdır. Fərmanın icrası çərçivəsində ötən il Məhkəmə-Hüquq Şurasının qərarı ilə "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilmiş, onun elektron proqram təminatı hazırlanmışdır. Qaydalara uyğun olaraq 100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya məhkəmələrinin, habelə müvafiq məhkəmə sədrlərinin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, digər aidiyyəti materiallar toplanılmış, zəruri təhlillər aparılmış və yekun rəylər hazırlanmışdır. Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılmışdır. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanmışdır. Eyni zamanda ölkə üzrə bütün məhkəmələrin 60%-ni əhatə edən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması ilə bağlı Dünya Bankı ilə birgə əməkdaşlıqda əməli tədbirlər görülmüşdür. Dövlət başçısının 01.06.2020-ci il tarixli Fərmanı ilə sistemin Əsasnaməsi təsdiq olunaraq fəaliyyətinin hüquqi əsasları müəyyən edilmiş, e-məhkəmənin digər qurumların informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyası təmin olunmuşdur. Həmçinin elektron resursun istifadəçiləri və iştirakçılarında yarana biləcək suallarla bağlı "Qaynar xətt" təşkil edilmiş, məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılması məqsədilə informasiya sisteminin mobil versiyası istifadəyə verilmişdir. Qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi şəraitində məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı nəzərə alınaraq məhkəmə proseslərinin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanmış və bir çox işlərə video bağlantı ilə baxılması təmin edilmişdir. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasını mümkün etmişdir. İlk növbədə, buna dövlət başçısının tapşırığı ilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən ardıcıl tədbirlər imkan vermişdir. Bu sahədə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində ötən dövrdə paytaxtda və bölgələrdə 20 məhkəmə üçün konseptual baxımdan yeni bina və komplekslər inşa olunmuş və onlar "Elektron məhkəmə" informasiya sistemi və digər İKT ilə təchiz olunaraq, yüksək texnoloji (hi-tech) məhkəmələrə çevrilmişlər. Xüsusilə vurğulamalıyam ki, yeni məhkəmə bina və komplekslərinin bir çoxunun açılışları möhtərəm Prezidentimiz tərəfindən şəxsən həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, bu sahədə nailiyyətlərimizə beynəlxalq maraq artaraq bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihəni ən uğurlularından biri kimi qiymətləndirərək "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi" nominasiyalarının qalibi elan etmişdir. Bundan əlavə mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiyanın tətbiqi üzrə önəmli addımlar atılmış, o cümlədən "Mediasiya haqqında Qanun" qəbul edilmiş, həmin Qanuna və 3 aprel tarixli Fərmana uyğun olaraq Mediasiya Şurası yaradılmış, Ədliyyə Akademiyasında beynəlxalq ekspertlər cəlb olunmaqla mediasiya üzrə təlimçilər hazırlanmış və mediatorluğa namizədlər hazırlıq kursları keçməklə sertifikat əldə etmişlər. Ölkəmizdə arbitraj institutunun təşviqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bu sahədə bir sıra dövlətlərin, o cümlədən Almaniya, Avstriya, Danimarka, Norveç və Gürcüstanın təcrübələri, habelə UNCİTRAL Model Arbitraj Qanunu nəzərdən keçirilmiş və "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı yeni layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Qeyd etməliyəm ki, dünyada hökm sürən COVİD-19 qlobal pandemiyası ilə əlaqədar ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu ötən ildə Fərmanın icrası daim diqqətdə saxlanılaraq ardıcıl tədbirlər görülmüşdür. Şübhəsiz ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, işin yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə hələ qarşımızda mühüm vəzifələr dayanır. Məhkəmələrə ictimai etimadın artırılması, əlçatanlığın yaxşılaşdırılması, «Elektron məhkəmə» informasiya sisteminin ölkənin bütün ərazisində tətbiqi, hakim korpusunun peşəkar hüquqşünaslarla möhkəmləndirilməsi, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi əsas prioritetlərimizdəndir. – Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair qanunvericilikdə bir sıra yeniliklər təsbit olunub. Bu tədbirlərin tətbiq olunması təcrübəsi nə səviyyədədir və onların davam etdirilməsi gözlənilirmi? – Humanizm ideyalarına daim sadiq olan ölkə Prezidenti tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən tədbirlərin son illər davamlı xarakter alması xüsusi qeyd olunmalıdır. Belə ki, ölkə Prezidentinin təşəbbüsü ilə 2016-ci ildə cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə yüzlərlə məhkum müxtəlif cəzalardan azad olunmuşdur. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamı isə bu sahədə müstəsna əhəmiyyət kəsb etmiş, cəza siyasəti xeyli humanistləşdirilmiş, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi genişləndirilmişdir. Bu mühüm sənədin icrası çərçivəsində ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Parlament tərəfindən qəbul olunmuş 2017-ci il 20 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdir ki, bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə cəzalarının azaldılması daxildir. Həmçinin, bəzi cinayət əməlləri dekriminallaşdırılmış, müvafiq maddələrin sanksiyasına alternativ cəzalar daxil edilmiş, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunmuşdur. Eyni zamanda azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılmış və qısa müddətdə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunmaqla həmin cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi öz səmərəsini vermişdir. Hazırda elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilərək 2.700-ə yaxın məhkum elektron qolbaq daşıyır. Dövlət başçısının humanistliyinin növbəti təzahürü olaraq 2019-cu il 3 aprel tarixli Fərmanı ilə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılmışdır. Bununla əlaqədar cinayət qanunvericiliyi ətraflı təhlil olunmuş, Prezident Administrasiyası, Ali Məhkəmə və Baş Prokurorluqla birgə yeni qanun layihələri hazırlanaraq ölkə başçısının qanunvericilik təşəbbüsü ilə Parlament tərəfindən qəbul olunmuşdur. Belə ki, 2020-ci il mayın 1-də qəbul olunmuş Qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılmış, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunmuş, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilmiş, bəzi cəzalar yüngülləşdirilmişdir. Beləliklə, ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2.100-ə yaxın məhkum cəzadan tamamilə azad edilmiş, 3.300-dən artıq məhkumun cəza müddəti azaldılmışdır. Bununla yanaşı, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi davamlı xarakter almış, bu məqsədlə vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu Penitensiar xidmətdə fəaliyyət göstərən xüsusi Komissiya tərəfindən mütəmadi olaraq, o cümlədən xüsusi karantin rejimi şəraitində iclaslar video-konfrans formatında keçirilərək məhkumların işləri öyrənilmiş, özləri ilə söhbətlər aparılmış və islah yoluna düşməsi məsələsinə qiymət verilərək müvafiq rəylər məhkəməyə təqdim olunmuşdur. Təkcə ötən il məhkəmələr tərəfindən 2.300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və ya yüngül rejimli müəssisəyə keçirilmişdir. Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilmişlər. Qeyd olunmalıdır ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizm ənənələrinə daim sadiqlik nümayiş etdirilir, əfvetmə və amnistiya institutları işlək mexanizmlər əsasında davamlı olaraq geniş tətbiq olunur. Təkcə onu demək kifayətdir ki, ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika Prezidenti tərəfindən əfv olunmuşdur. Dövlət başçısının Novruz bayramı ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv Sərəncamı müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş etmişdir. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılmış, 98 nəfərin cəzası yarıyadək azaldılmış, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətlə əvəzlənmiş, 49 nəfər isə digər cəzalardan azad edilmişlər. Onların sırasında xarici ölkələrin vətəndaşları da olmuşdur. Eyni zamanda humanizm ideyalarını həyata keçirmək, mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Təsadüfi deyil ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş və on minlərlə insanı əhatə edən amnistiya aktları cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət etmişdir. Cəmiyyətimizdə rəğbətlə qarşılanan humanist tədbirlər, həmçinin cəza çəkən digər məhkumların islahına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını artırır. – Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkəmizdə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb. Yeni yaradılan məhkəmələrin ilk təcrübələri barədə nə deyə bilərsiniz? – Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanında mühüm yeniliklərdən biri sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə baxılması üçün ayrıca məhkəmənin təsis edilməsidir. Bildirməliyəm ki, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması dövlət başçısının daim diqqət mərkəzində olmuş və bu problemi həll etmək, məhkəmələri insanlara, hüquqi şəxslərə yaxınlaşdırmaq üçün son dövrlər xeyli iş görülmüş, məhkəmə sisteminin quruluşunda önəmli dəyişikliklər edilmişdir. Hələ 2007-ci ildə respublikamızın regionlarında apelyasiya və iqtisad məhkəmələri, 2011-ci ildə isə digər regional məhkəmələr təsis edilmiş, habelə insan hüquqlarının təminatında mühüm rol oynayan inzibati ədliyyə institutu yaradılmış, bütün bölgələrdə inzibati-iqtisadi məhkəmələr formalaşdırılmışdır. Məhkəmələrdə ixtisaslaşmanın aparılması bu gün bütün dünyada ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ən faydalı üsullardan biri hesab olunur. Ölkəmiz də bu istiqamətdə zəruri addımlar ataraq iqtisadiyyatımızın inkişafının bugünkü səviyyəsində sahibkarlıqla bağlı mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə cənab Prezidentin tapşırığı ilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmələr yaradılmışdır. Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilmiş, müxtəlif dövlətlərdə mövcud olan belə məhkəmə modelləri nəzərdən keçirilərək ölkəmiz üçün ən məqbul təcrübə seçilmiş və Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr təsis edilmişdir. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayan həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülmüş və məhkəmələr müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəyə malik hakimlərlə komplektləşdirilmişdir. Həmçinin, kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu və elektron sənəd dövriyyəsi təsbit olunmuş, əlçatanlığın effektiv müəyyən edilməsi nəticəsində kommersiya işlərinin sayı 50%-dək artmışdır. Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7.200-ə yaxın işə baxılmış, iddiaların 94 faizi təmin olunmuşdur. Kommersiya mübahisələri üzrə yekun qərarların 80 faizi ilə tərəflər razılaşmış, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməmişdir. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96%-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir. – Fikrət müəllim, işğaldan azad olunan ərazilərimizdə məhkəmə-hüquq sisteminin qurulması xüsusi yanaşma tələb edir. Məsələn, həmin ərazilərin rayon məhkəmələri mövcuddur, lakin regional məhkəmələrin yaradılmasına, hər şeydən əvvəl onların inzibati binalarının inşasına ehtiyac var. Ümumiyyətlə, bu məsələlər necə həll olunacaq və bu istiqamətdə hansı layihələr, planlar müzakirə edilir? – Böyük Qələbəmizdən sonra dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri və görülən tədbirlər doğma torpaqlarımızın dirçəldilməsinin təminatıdır. Həmin ərazilərin yenidən bərpası, geniş quruculuq işlərinin aparılması təsadüfi deyil. Çünki Ermənistan 30 il işğal altında saxladıqları torpaqlarımızı büsbütün viran etmiş, tarixi, mədəni, dini abidələrimizi, mülki infrastruktur, dövlət və strateji obyektləri məhv etmiş, təbii sərvətlərimizi talan etmiş, ekoloji fəlakət törətmişdir. Qeyd etmək istərdim ki, Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciətlər ünvanlanmışdır. Dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan müraciətlər reaksiyasız qalmamış, bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirmiş, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə etmişlər. Yeri gəlmişkən, Ermənistanın hərbi cinayətləri bu ilin mart ayında Yaponiyada BMT-yə üzv dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yüksək rəsmilərinin iştirakı ilə keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində də ifşa edilmişdir. Belə ki, Konqresdə Azərbaycan, həmçinin ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi tərəfimdən çıxış edilərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər qanunsuz yollarla silah və sursatların alınması və humanitar yardım adı altında münaqişə zonasına mülki aviasiya vasitəsilə qanunsuz göndərilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Həmçinin işğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun dağıdıldığı, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları vurğulanmış, həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilmişdir. Konqres iştirakçılarının və bütün dünya hüquq ictimaiyyətinin diqqəti Ermənistanın bu cinayət əməllərinə cəlb olunmuş, sülh üçün təhlükə olan bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün dövlətlərə çağırış olunmuşdur. Qoşulmama Hərəkatı adından çıxış edilərkən Kioto Konqresinin gündəliyindən irəli gələn məsələlərlə bağlı Hərəkatın mövqeyini əks etdirən bəyanat barədə məlumat verilmişdir. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin razılığı ilə qəbul edilərək yayımlanmış bəyanatda Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması, münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına, qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə bağlı çağırışlar təsbit olunmuşdur. Konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləmiş, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı dəlilləri ilə onların yalanları tam ifşa olunmuşdur. Bildirməliyəm ki, iclasda qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair qəbul olunmuş 5 illik proqram xarakterli Kioto Bəyannaməsində Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən müddəalar tam əksini tapmışdır. Hazırda ermənilər tərəfindən işğal dövründə dağıdılmış torpaqlarımızın bərpa olunması, bir milyondan çox keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün həmin ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır. Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri qarşımızda duran ən ümdə vəzifələrdir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunmuş, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılmış, zəruri təşkilati işlər görülmüşdür. Qeyd etməliyəm ki, nazirlik tərəfindən strukturuna daxil olan yerli və regional qurumlar vasitəsilə insanlara hüquqi xidmətlərin göstərilməsi sahəsində çoxşaxəli fəaliyyət göstərir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmə qərarlarının icrasını və probasiya nəzarətini təmin edir, bələdiyyələrə metodoloji yardım göstərir, inzibati nəzarət həyata keçirir və s. Həmin ərazilərdə bu sahədə fəaliyyətin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə idarəsi yaradılmışdır. Məhkəmələrin fəaliyyətinə gəlincə isə, həmin rayonların məhkəmələri əvvəlki illərdə olduğu kimi, işğal dövründə də fəaliyyətlərini əhalisinin daha sıx məskunlaşdığı digər bölgələrdə davam etdirmişdir. İndi torpaqlarımız işğaldan azad olunmuşdur və sözsüz ki, həmin məhkəmələr bütün infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcəklər. Eyni zamanda, gələcəkdə həmin bölgədə aidiyyəti yeni regional apellyasiya və ixtisaslaşmış – kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, bu sahədə fəaliyyətimiz ölkə Prezidentinin 24.11.2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə koordinasiyada qurulmuşdur və hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür. – Ədliyyə sistemində bir çox elektron xidmətlər göstərilir. Perspektivdə hansı yeni sahələrin elektron xidmətlərə keçməsi gözlənilir? – Ədliyyənin müxtəlif sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə daim xüsusi diqqət yetirilir. Hazırda nazirlik tərəfindən əhaliyə 31 elektron xidmət göstərilir ki, 2020-ci ildə bu xidmətlərdən istifadə sayı 1,4 milyonu ötmüşdür. Pandemiya İKT-lərin geniş tətbiqini və fəaliyyətin onlayn rejimə keçməsini stimullaşdırmış və bu baxımdan ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı elektron xidmətlərin tətbiqi karantin dövründə vətəndaşların bu orqanlara əlçatanlığını xeyli asanlaşdırmışdır. Tətbiq olunan innovasiyalarla bağlı qısaca məlumat vermək istərdim. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar "elektron notariat çantası" hazırlanaraq notariusların istifadəsinə verilmişdir ki, elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Maraqlı yeniliklərdən biri də "Elektron ədliyyə köşkü"dür. Sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan bu "köşk" vətəndaşlara video əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin məsafədən göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Həmçinin Azərbaycanın məhsulu olan "Mobil notariat" tətbiqi son zamanlar vətəndaşların daha çox bəhrələndiyi innovasiyalardan biridir. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Pandemiya dövründə bu tətbiqin funksionallığı genişləndirilmişdir. Artıq tətbiq üzərindən istifadəçilər notariat ofisinə getmədən notariusla video əlaqə yaradaraq nəqliyyat vasitələrinin idarə olunması və ona sərəncam verilməsi, habelə hüquqi yardımla bağlı vəkilə verilən və bəzi digər etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanına malikdirlər. Hazırda istifadəçilərinin sayı 110.000-dən çox olan "Mobil notariat" üzərindən bu yaxınlarda vətəndaşlara yeni əlavə – banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanları yaradılmışdır. Bank əməliyyatları üçün zəruri olan notariat hərəkətlərinin video əlaqə vasitəsilə rəsmiləşdirilməsi məqsədilə banklarda müvafiq avadanlıqla təchiz edilmiş notariat kabinəsi quraşdırılmışdır. Eyni xidmətlər, həmçinin böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində də göstərilir. Bununla yanaşı, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin mobil versiyası mövcuddur. "Mobil məhkəmə" tətbiqi üzərindən istifadəçilər "Şəxsi kabineti" vasitəsilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilərlər. Hazırda "Mobil məhkəmə" vasitəsilə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunan qərarlardan apellyasiya şikayətinin verilməsi imkanın yaradılması üzrə tədbirlər görülür. Eyni zamanda, borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin "ASAN ödəniş" və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırmışdır. Hazırda icra xidməti sahəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları icra işləri barədə məlumatın verilməsi, habelə doğumun və ölümün dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi və digər fəaliyyət istiqamətləri üzrə e-xidmətlərin genişləndirilməsi ilə bağlı işlər aparılır. – Məhkəmə-hüquq islahatlarının xüsusiyyəti belədir ki, az qala hər bir dəyişikliyin qanunvericilikdə təsbit olunması tələb olunur. Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə ölkənin qanunverici orqanı olan Milli Məclis arasında məhkəmə-hüquq sahəsində aparılan islahatlara dair əməkdaşlığın formatı barədə fikrinizi bilmək istərdik. – Bu gün Azərbaycan parlamenti səmərəli fəaliyyəti ilə ölkəmizin hərtərəfli inkişafına dəyərli töhfələr verir, qəbul olunan qanunlar həyatımızın bütün sahələrini əhatə edir və qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində də önəmli rol oynayır. Ötən il keçirilmiş azad və şəffaf seçkilər nəticəsində çoxpartiyalı yeni parlament formalaşmış və müxtəlif partiyaların nümayəndələri Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunurlar. Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən biri ölkədə iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn və digər qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirakla bağlıdır. Bu prosesdə fəal iştirak edən nazirlik tərəfindən təkcə 2020-ci ildə 1.800-dək qanunvericilik aktı layihəsi hazırlanmış, 3.300-ə yaxın akt hüquqi ekspertizadan keçirilmişdir və qeyd etməliyəm ki, bu sahədə Milli Məclislə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilərək, hazırlanan layihələrlə bağlı mütəmadi olaraq Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər və digər aidiyyəti komitələrlə birgə müzakirələr, məsləhətləşmələr aparılır. Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində hazırlanan mühüm qanunvericilik paketlərinin geniş və hərtərəfli müzakirə olunaraq qəbul olunmasında Milli Məclisin fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Eyni zamanda Milli Məclisin məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasında təmsil olunması, onun nümayəndəsinin problemlərlə bilavasitə tanışlığı və onların həllində iştirakı məhkəmə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, Şuranın 15 illik fəaliyyəti dövründə "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara 60-a yaxın dəyişikliklər edilmişdir. Onların bir çoxu məhz Şurada təmsil olunan Milli Məclisin nümayəndəsinin təşəbbüsü ilə qəbul olunmuşdur. Təsadüfi deyil ki, bu sahədə islahatlarımız və nailiyyətlərimiz beynəlxalq maraq doğuraraq təqdir edilir, Avropanın nüfuzlu mükafatlara, o cümlədən "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq bilinir, hakimlərin seçim proseduru şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə olunur. Qeyd etməliyəm ki, hakim korpusunun formalaşdırılması işinə də Milli Məclis öz töhfəsini verir. Belə ki, yuxarı instansiya məhkəmələrinin hakimləri məhz parlament tərəfindən təyin olunurlar. Bununla yanaşı, ali qanunverici orqan olan Milli Məclis hökumətin, bələdiyyələrin və s. hesabatlarını dinləyir. Millət vəkillərinin dəyərli fikir və təklifləri fəaliyyətimizin təkmilləşdirilməsində mühüm rol oynayır, qaldırılan hər bir məsələ tərəfimizdən hərtərəfli araşdırma predmeti olur, zərurət olduqda müvafiq tədbirlər görülür və Milli Məclis operativ və müfəssəl məlumatlandırılır. Bununla yanaşı, ədliyyə fəaliyyəti ilə bağlı deputatlardan daxil olan ayrı-ayrı sorğulara da həssaslıqla yanaşılaraq aidiyyəti üzrə cavablandırılır. Həmçinin nazirlik tərəfindən şəffaflığa, ictimai iştirakçılığa mühüm əhəmiyyət verilərək vətəndaş cəmiyyəti institutları ilə uzun illərdir sıx əməkdaşlıq edilir və onlar ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən tədbirlərə mütəmadi cəlb olunurlar. Onların sırasında Milli Məclisin üzvləri də olur ki, bu çərçivədə də səmərəli qarşılıqlı fəaliyyət həyata keçiririk. Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olaraq illik məruzələri nazirlik özü Milli Məclisdə müzakirəyə təqdim edir. Yeri gəlmişkən, Milli Məclisin bu il martın 9-da keçirilmiş iclasında bələdiyyələrin fəaliyyəti ilə bağlı 2020-ci il üzrə İllik Məruzə dinlənilmiş və deputatların bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair irad və təklifləri ilə bağlı zəruri tədbirlərin görülməsi müəyyən edilmişdir. Milli Məclisin üzvlərinin Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlərdə, o cümlədən ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı mötəbər beynəlxalq konfranslarda, ictimai müzakirələrdə daim yaxından iştirak etmələri xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı görülən tədbirlər barədə maarifləndirmə işi genişləndirilməlidir ki, bu da ictimaiyyətin, eyni zamanda parlament üzvlərinin məlumatlılığının artırılması baxımından olduqca önəm kəsb edir. Bu məqsədlə birgə təqdimatların keçirilməsi, innovasiyaların tətbiq olunduğu yeni infrastruktura malik məhkəmələrin fəaliyyəti ilə tanışlıq səfərlərinin təşkil edilməsi, millət vəkillərinin həmçinin Ədliyyə Akademiyasında keçirilən tədris işinə cəlb olunması, qanunyaradıcı prosesdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədəmüvafiq olardı. Əminəm ki, Ədliyyə Nazirliyi ilə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlıq münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir. Fürsətdən istifadə edib, yeni formalaşmış VI çağırış Milli Məclisin Sədri Sahibə xanım Qafarova başda olmaqla bütün üzvlərinə ölkəmizin qanunvericilik bazasının möhkəmləndirilməsi və parlamentarizm ənənələrinin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıram.