Xəbərlər

“PULSUZ HÜQUQİ YARDIM HAQQINDA” QANUN LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

2021-06-09

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” layihəsi çərçivəsində işlənib hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin təqdimatına dair videokonfrans formatında tədbir keçirilibdir. Tədbir qanun layihəsinə dair ictimai müzakirələrə həsr olunub. Adıçəkilən layihə həmçinin, əhaliyə hüquqi yardım xidmətlərinin daha innovativ və effektiv yollarla göstərilməsinə, mübahisələrin alternativ həlli sistemlərinin inkişaf etdirilməsinə; pilot qaydada özəl icra məmurları sisteminin tətbiqinə, o cümlədən informasiya sistemlərinin və onların istismar imkanlarının gücləndirilməsi üçün transformativ texnologiyaların tətbiqinə dəstək verməkdədir. Belə ki, Strateji Yol Xəritəsinə görə, Azərbaycan Hökumətini dəstəkləmək, həmçinin mediasiya institutu üzrə hüquqi bazanı təkmilləşdirmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2019-cu ilin noyabr ayında “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı iki illik layihənin icrasına başlayıbdır. Layihə çərçivəsində Ədliyyə Nazirliyinə Mediasiya Şurasının yaradılmasında, o cümlədən qanunvericilik aktları, daxili normativ sənədlər və mediasiya standartlarının hazırlanmasında dəstək göstərilibdir. Tədbirdə hakimlər, vəkillər, Ədliyyə Nazirliyinin əməkdaşları, vəkilliyə namizədlər, könüllülər olmaqla, ümumilikdə 100-ə yaxın şəxs iştirak edib. Tədbirdə açılış nitqləri ilə çıxış edən Avropa İttifaqı Nümayəndəliyinin nazir-konsulu Simona Qatti və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupun üzvü Elçin Xələfov, hüquqi yardımın əlçatanlılığı, bu sahədə mexanizmlərin mövcudluğunun zəruriliyini, vəkillərin pulsuz hüquqi yardıma cəlb edilməsinin qanuni əsasları və Hüquq klinikaları vasitəsilə bu fəaliyyətə dəstək verilməsinin vacibliyini vurğulayıblar. Tədbirə dəvət olunan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, pulsuz hüquqi yardıma cəlb olunan vəkillərin fəaliyyətinə nəzarət edilməsini, pulsuz hüquqi yardım mexanizmlərinin yaradılmasında Avropa Şurasına üzv olan dövlətlərin bu sahədə yanaşmalarının nəzərə alındığını qeyd edib. Layihənin Rumıniyadan olan beynəlxalq eksperti İoana Cornescu, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması üzrə ilkin tədqiqat sənədinə əsasən qanun layihəsinin hazırlanmasında əhalinin hüquqi savadlılıq səviyyəsinin nəzərə alınmalı olduğunu vurğulayıb. Beynəlxalq ekspert, həmçinin bu sahədə Avropa Şurasının üzvü olan digər dövlətlərin təcrübəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan yararlanmağı da tövsiyə edib “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin mahiyyətindən bəhs edən layihə üzrə milli ekspert, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov pulsuz hüquqi yardımın davamlılığının, əhalinin pulsuz hüquqi yardıma çatımlılığının qanun layihəsində nəzərdə tutulduğunu qeyd edibdir. Həmçinin hüquqi yardımın növlərindən çıxış edərkən, ilkin hüquqi yardım fəaliyyətinə parayuristlərin, peşəkar hüquqi yardım fəaliyyətinə isə yalnız vəkillərin cəlb olunmasının da qanun layihəsində nəzərdə tutulduğunu vurğuladı. Həmçinin tədbirdə pulsuz hüquqi yardım fəaliyyətinə QHT-lərin və digər qeyri-dövlət qurumlarının cəlb edilməsi, bu fəaliyyətin müvafiq qurum tərəfindən hesabatlılığının təmin edilməsi, ictimai məlumatlandırmanın olmasının vacibliyini qeyd edilib.

Ədliyyə Akademiyası