Xəbərlər

HAKİMLƏR VƏ ƏDLİYYƏ AKADEMİYASININ ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2021-06-09

Ötən günlərdə Rusiya Federasiyasının Ali Məhkəməsinin ali təhsil müəssisəsi “Rusiya dövlət ədalət mühakiməsi universiteti”nin təşkilatçılığı ilə “Cinayət təqibinin alternativi və cinayət mühakimə icraatının differensiasiya problemi”mövzusunda distant formada elmi-praktiki konfrans keçirilib. Tədbirdə Rusiya Federasiyasının Ali Məhkəməsinin, regional və rayon məhkəmələrinin hakimləri, Rusiya Federasiyası Baş Prokurorluğunun, Ədliyyə və Daxili İşlər Nazirliklərinin nümayəndələri, vəkillər, alimlər, ali təhsil müəssisələrin müəllimləri, xarici ölkələrin cinayət-prosessual hüquq sahəsinin aparıcı alimləri, dövlət orqanlarının nümayəndələri, həmçinin Ədliyyə Akademiyasının müəllim heyəti və 16 hakim (birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin)iştirak ediblər. Konfransda müasir cinayət prosessin aktual problemlərinin, cinayət prosessində şəxsi və publik maraqların balansının təmini, cinayət-prosessual formalarının fərqləndirilməsi, cinayət-hüquqi münaqişələrin həllinin alternativ mexanizmlərinin axtarışı, qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsində Avropa İnsan Hüquqları Məhkəməsinin, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin hüquqi mövqeyinin əhəmiyyəti müzakirə olunub. Tədbirin gedişatı zamanı cinayət hüququ elmində dövlətlərin cinayətlərə qarşı reaksiyasının ənənəvi konsepsiyasının getdikcə uğursuzluğunun daha çox ifadə edilməsi, klassik cinayət ədaləti çərçivəsindən kənar bir cinayət-hüquqi münaqişəni həll etmək olan müxtəlif alternativ tədbirlərin yaradılmasına yönəlmiş geniş yayılmış bir tendensiya, beynəlxalq qanunvericilikdə cinayət hüquqi münaqişələrin həllinin alternativ metodlarının tipik modelləri və bu kimi digər mövzularla Rusiya Federasiyası, Belarus, Qazaxıstan Respublikalarının nümayəndələri tərəfindən çıxışlar və təqdimatlar edilibdir. Konfransın yekununda bu cür tədbirlərin ənənəvi olaraq davam etdirilməsinin zəruriliyi vurğulanaraq, onun təşkili və keçirilməsində əməyi olanlara, həmçinin iştirakçılara təşəkkür edildi.

Ədliyyə Akademiyası