Xəbərlər

MEDİASİYA TƏLİMÇİLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2021-06-09

Avropa İttifaqının maliyyələşdirdiyi “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” layihəsi çərçivəsində distant formada Adult Learning (Böyüklərin Öyrədilməsi) təlimi keçirilib. Təlimlərdə ötən il baş tutan Mediasiya Təlimçilərinin təlimini müvəffəqiyyətlə başa vurmuş təlimçilər iştirak ediblər. Təlimin məqsədi təlimlər zamanı yerli təlimçilərin üzləşdikləri problemləri aradan qaldırmaq və onları həll etmək üçün potensial üsulları müəyyənləşdirmək olub Təlimin müddətində Layihə üzrə beynəlxalq ekspertlər Adi Gavrilla, Leonardo Durso və Ruslan Mirzəyev tərəfindən bu günə qədər keçirilmiş təlimlər zamanı yerli təlimçilərin üzləşdikləri problemlər, mediasiya təlimində böyüklərin öyrənmə və tətbiqetmə prinsipləri, müasir mediasiya təlimi təşkili texnikaları: "Əks Dizayn Modeli", kiçik qruplarda iş və bu günə qədər keçirilmiş təlimlər zamanı yerli təlimçilərin üzləşdikləri problemlərə uyğun olaraq baza mediasiya təliminin yenilənməsi məsələləri ətrafında iştirakçılarla müzakirələr aparılıb. Həmçinin adıçəkilən layihədə ixtisaslaşmış məhkəmələrin institusional potensialının artırılması üzrə əsas ekspert Mark Segal tərəfindən “Mediasiyada və mediasiya təlimində bədən dilinin əsas rolu” mövzusunda təqdimat etmiş, iştirakçıların bədən dili ilə bağlı təlimçilik metodologiyası təcrübələri paylaşılıb. Distant formada keçirilən tədbir ərzində yerli təlimçilərin hər biri tərəfindən mediasiya təlimlərində rastlaşdıqları çətinliklər və onların həlli məsələləri mövzularında təqdimatlar edilib və gələcək mediasiya təlimlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilibdir.

Ədliyyə Akademiyası