Xəbərlər

“Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi” Işçi Qrupunun İclası Barədə Məlumat

2021-10-26

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir.  İşçi qrupunun növbəti iclasının 28.10.2021-ci il tarixində saat 10:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur. İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının “1. Müflisləşmənin həlli” bölməsinin 8.1-ci bəndinin və 9-cu hissəsinin icrası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış hərracların elektron təşkil edilməsi ilə bağlı tənzimləmələri ehtiva edən qanun, fərman və qərar layihələrinin aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. Eyni zamanda elektron hərrac informasiya sistemi üzrə hazırlanmış portalın təqdimatı da ediləcəkdir.  İclasda iştirak etmək istəyən maraqlı şəxslər Komissiyanın internet saytının (https://azranking.az/.../muqavilelerin-icrasi...) “Rəqəmsal təqvim” bölməsində yerləşdirilmiş iclasın gündəliyi ilə tanış ola bilər və “Təklif göndər” onlayn xidməti vasitəsilə təkliflər (və ya layihələr) verə bilər. Təklifi (və ya layihəni) təqdim etmiş şəxs müvafiq qaydada İşçi qrupunun iclasında iştirak üçün dəvət edilə bilər.