Xəbərlər

Yerli Özünüidarəetmə Sahəsində Beynəlxalq Əməkdaşlığa Dair Tədbirlər Davam Etdirilir

2021-10-28

 

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqətdə saxlanılaraq Türkiyə Respublikasının Ankara şəhərinin Keçiörən bələdiyyəsi ilə videokonfrans formatında görüş keçirilib. Bələdiyyələrlə iş mərkəzinin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 40-a yaxın bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Tədbirdə Keçiörən bələdiyyəsinin nümayəndələrinə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün, o cümlədən yerli özünüidarəetmə sahəsində həyata keçirilən mütərəqqi islahatlar, bələdiyyələrə dövlət qayğısı barədə məlumat verilib. Yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsinin səmərəliliyi, iki ölkənin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok iki qardaş ölkə arasında münasibətlərin daha əhatəli və ardıcıl qurulmasında bələdiyyələrarası münasibətlərin xüsusi əhəmiyyətini qeyd edərək bu cür tədbirlərin keçirilməsi ənənəsinin davam etdirilməsini vurğulayıb. Konfransda yerli büdcənin gəlir mənbələri və onların toplanması qaydaları, yaranmış borcların bələdiyyə büdcəsinə ödənilməsi mexanizmi, ekoloji, iqtisadi, sosial proqramların həyata keçirilməsi qaydaları, bələdiyyə qulluqçularının peşə hazırlığının artırılması ilə bağlı görülən işlər, bələdiyyə aktlarının qanunauyğunluğuna inzibati nəzarət və digər məsələlər ilə bağlı müzakirələr aparılıb. Bu sahədə Keçiörən bələdiyyəsinin müsbət təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.