Xəbərlər

26-27 Oktyabr 2021-Ci İl Tarixlərində Avropa Şurasının Ekspertləri Tərəfindən Hakimliyə Namizədlər Üçün Təlim Keçirilmişdir

2021-11-15

 

Cari ilin 26-27 oktyabr tarixlərində Ədliyyə Akademiyasında tədrisə cəlb olunmuş hakimliyə namizədlər üçün  Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II Proqramının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində distant formada təlim keçirilmişdir. Keçirilmiş təlimin açılışında Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes və Ədliyyə Akademiyasının Hakimlərin və hakimliyə namizədlərin tədrisi fakültəsinin dekan müavini v.i.e Nuranə Məmmədova çıxış etmiş, 41 hakimliyə namizəd üçün Avropa Şurası ilə birgə əməkdaşlıq çərçivəsində keçirilmiş təlimlər, mövzunun aktuallığı, sözügedən layihənin icrası, təlimə cəlb edilmiş ekspertlər barədə məlumat verilmişdir.  Təlimin keçirilməsində əsas məqsəd çirkli pulların yuyulması və digər maliyyə cinayətlərinin anlayışları, eləcə də müvafiq məhkəmə işlərinə baxılması ilə bağlı mövcud təcrübə və bu sahədəki çətinlikləri namizədlərin diqqətinə çatdırmaq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi halları və aktivlərin bərpası üzrə məhkəmə işlərinə baxılmasının əsas elementləri ilə, o cümlədən maliyyə araşdırmaları, sübutların toplanılması, bu hallar üzrə ibtidai istintaqa məhkəmə nəzarəti, beynəlxalq əməkdaşlıq və digər aspektlərlə onları tanış etməkdir. Təlim üçün hazırlanmış və həqiqəti əks etdirməyən ssenarilər maliyyə cinayətləri ilə bağlı məhkəmə icraatının mühüm xüsusiyyətlərinin, birbaşa və dolayı sübutların qiymətləndirilməsi prosesinin, ÇPY/TM işlərində əsaslandırma prinsiplərinin, o cümlədən tətbiq olunan qanun müddəalarınının və müsadirə haqqında qərarların düzgün qəbul edilməsinə dair tələblərin daha yaxşı anlaşılmasına kömək olmuşdur. Belçika və Böyük Britaniyadan olan hakimlərin iştirakı sayəsində təlim kursu həmçinin real məhkəmə işlərindən nümunələrlə zənginləşdirilmişdir ki, bu da ÇPY/TM işlərinə baxılması istiqamətində müxtəlif prizmalardan fərqli düşüncə modellərini və yanaşmaları nümayiş etdirməyə imkan yaratmışdır. Bu təşəbbüs hökumətin çirkli pulların yuyulması və digər iqtisadi cinayətlərin qarşısının alınması və onlarla mübarizə üzrə səylərini tamamlamaq və Azərbaycanda məhkəmələrin fəaliyyətində şəffaflığın gücləndirilməsi və məhkəmə icraatının effektivliyinin artırılması ilə əlaqəli son məhkəmə islahatlarına töhfə vermək məqsədi daşıyırdı. Bundan əlavə, bu sahədə fəaliyyət göstərən təcrübəli hakimlər üçün çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi halları, habelə aktivlərin bərpası üzrə işlərə baxılması və qərar verilməsi haqqında cari ilin dekabr ayında təlim kursu təşkil ediləcəkdir.

 

Ədliyyə Akademiyası