Xəbərlər

Ankara Şəhərində Türkdilli Dövlətlərin Ədliyyə Akademiyaları Birliyinin Yaradılması Məsələsi Müzakirə Olunmuşdur

2021-10-08

Cari ilin 4-8 oktyabr tarixlərində Türkiyə Ədliyyə Akademiyası tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin ədalət mühakiməsi təhsili sahəsində təlim-tədris müəssisələri arasında əməkdaşlığı və COVİD-19 pandemiyasına qarşı mübarizədə hüquq sistemini inkişaf etdirmək məqsədilə birinci iclas təşkil olunmuşdur. Tədbir Türkiyənin Ankara şəhərində, Hakimlər Evində baş tutmuşdur. Tədbirdə Azərbaycan Respublikasını Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təmsil etmişdirlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın birliyi nəznində Türk Ədalət Mühakiməsi  Akademiyaları Birliyinin qurulması məsələsinin müzakirə olunması məqsədi ilə keçirilən iclasa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan ədalət mühakiməsi təhsili sahəsində təlim-tədris müəssisələrinin rəsmiləri qatılmışdırlar. Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin sədrliyi ilə keçirilən iclasda Türkiyə ədliyyə nazirinin müavini Həsən Yılmaz, xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Türk Şurası Baş katibinin müavini Mirvohid Azimov çıxış etmişdirlər. Çıxışlarda üzv dövlətlərin ortaq evləri olan Türk Şurasının qısa müddət ərzində bölgədə və dünyada hörmətli, nüfuzlu bir qurum kimi formalaşması, əldə etdiyi uğurları və göstərdiyi səyləri diqqətə çatdırılmışdır. Bütün çətinliklərə baxmayaraq, 2020-2021-ci illəri əhatə edən dövr türk dünyası üçün zəfər dövrü olduğu bildirilmişdir. Bu dövr ərzində başda Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyinin və ərazi bütövlüyünün yenidən bərpa olunması kimi əldə edilən çox əhəmiyyətli nailiyyətlər, 44 gün davam edən Vətən müharibəsi zamanında Türk Şurasının bütün üzv ölkələr adından Azərbaycanın haqlı davasını ən güclü şəkildə dəstəkləməsi və əldə edilən Zəfərin bütün dövlətlərimiz üçün qürur mənbəyinə çevrildiyi qeyd edilmişdir. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan məruzəçilər dostluq və qardaşlıq münasibətlərimizin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini, bütün türk millətləri üçün nümunə olduğunu yetkinliklə təsdiqləmişdirlər. Tədbirdə TDƏŞ-ə üzv dövlətlərin ədalət mühakiməsi təhsili sahəsində təlim-tədris müəssisələrinin quruluşu və fəaliyyətləri haqqında məlumat verilmiş, Türkdilli ölkələr arasında əməkdaşlığı təsis edən Naxçıvan Sazişini rəhbər tutaraq Türk Şurası nəznində Türk Ədalət Mühakiməsi Akademiyaları Birliyinin qurulmasının imkanları qiymətləndirilmişdir. Əlavə olaraq, COVİD-19 pandemiyasından sonra ədalət mühakiməsi təhsilində ortaq strategiyalar və əməkdaşlığın inkişafı, ümumi problemlər və onların həlli yolları və təcrübələr müzakirə edilmişdir. Nəticədə iştirakçılar belə bir birliyin təsis edilməsinin böyük töhfə verəcəyi və üzv ölkələrin ədalət mühakiməsi təhsili sahəsində təlim-tədris müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaradacağı haqqında yekun bir fikir bildirmişdirlər. İclasda söz alaraq Azərbaycan nümayəndə heyəti adından çıxış edən E.Xələfov bildirmişdir ki, cari ilin iyun ayının 15-də Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamə”si imzalanmışdır. Bəyannamədə iki dost, qardaş ölkənin bundan sonra da türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəkləri xüsusi olaraq vurğulamışdır. Səfər çərçivəsində oktyabr ayının 5-də iclas iştirakçıları Türkiyə Respublikasının ədliyyə naziri cənab Abdulhəmid Gül tərəfindən qəbul olunmuşdurlar. TDƏŞ-ə üzv dövlətlərin ədalət mühakiməsi təhsili sahəsində təlim-tədris müəssisələri arasında əməkdaşlıq üçün səyləri dəstəkləyən cənab nazir, bu istiqamətdə görülən işləri alqışlamış, bu məqsədlə qardaş ölkələrin nümayəndələri arasında görüşlərin zəruriliyini vurğulamışdır. Ədliyyə naziri ədalət mühakiməsi təhsili sahəsində ən yaxşı təcrübə və araşdırmaları paylaşmaq, qurumlar arasında işbirliyi qurmaq və qanunun aliliyini təmin edəcək mexanizmləri inkişaf etdirmək məqsədi ilə qurulan birliyə uğurlar arzulamışdır. Həmçinin cənab nazir Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa ədliyyə nazirlərinin konfransında Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovla görüşünü məmnuniyyətlə xatırlatmışdır. Öz növbəsində E.Xələfov 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk xalqı Azərbaycanın haqlı mübarizəsində yanında olaraq ilk gündən qardaş ölkənin bütün yüksək rəsmi şəxslər, o cümlədən ədliyyə naziri Abdulhamit Gül tərəfindən Azərbaycana mənəvi və siyasi dəstəyin verilməsinə görə təşəkkürünü bildirmiş, Türkiyə Ədliyyə Akademiyası ilə Ədliyyə Akademiyasının arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, xüsusilə hakimliyə namizədlərin və hakimlərin tədrisi sahəsində böyük töhfə verdiyini nəzərə çatdırmışdır. Səfər çərçivəsində iclas iştirakçılarının, həmçinin Ali Məhkəmənin sədri cənab Mehmet Akarca, Baş prokuror cənab Bekir Şahin, Hakimlər və Prokurorlar Şurasının üzvləri, Ali İnzibati Məhkəmənin və Ankara Batı Məhkəməsinin rəsmilərilə görüşləri baş tutmuşdur.

 

Ədliyyə Akademiyası