Xəbərlər

Ədliyyə Akademiyasında Tanınmış Dilçi Alim Prof. İsmayıl Məmmədlinin Yubileyi Qeyd Olunub

2021-11-15

Noyabrın 15-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında görkəmli dilçi alim, filologiya elmlər doktoru, professor İsmayıl Oruc oğlu Məmmədlinin 75 illik yubileyi ilə bağlı tədbir keçirilib. Yubiley tədbirini giriş nitqi ilə açan Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən hüquq elmləri üzrə fəlsəfə doktoru Elçin Xələfov İsmayıl Məmmədlinin mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən danışıb, alimin nitq mədəniyyəti, leksikologiya, üslubiyyat, hüquqi terminologiya sahəsində əsərlərininin, həm sovet dövründə, həm də müstəqil Azərbaycanda dilçilik elminin və rəsmi dövlət dilimizin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb, onu əlamətdar yubleyi münasibəti ilə təbrik edib, elmi fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Qeyd olunub ki, bu günədək alimin 200-dən çox elmi əsərləri, o cümlədən, 13 monoqrafiya, lüğət kitabları, dərslik və dərs vəsaitləri, danışıq kitabları, publisistik elmi-kütləvi məqalələr, ədəbiyyatşünaslığa, folklorşünaslığa dair dəyərli tənqidi araşdırmaları işıq üzü görüb. Tədbirdə bildirilib ki, prof. İsmayıl Məmmədlinin “Azərbaycan dilinin izahlı lüğəti” (3 cild), “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti” (I, II cildlər), “Yeni sözlər lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin məcazlar lüğəti” kimi kitabları nəşr olunub, o həmçinin “Ekran efir dilimiz” adlı monoqrafiyanın, “Azərbaycanca-rusca etnoqrafiya terminləri” lüğətinin həmmüəlifidir. Həmçinin alimin rəhbərliyi ilə bir çox tədqiqat işləri, o cümlədən “Səməd Vurğunun bədii dilinin lüğəti”, “C.Cabbarlı dilinin lüğəti”, “Azərbaycan dilinin orfoepiya lüğəti”, “Azərbaycan dilinin frazeologiya lüğəti”, “Azərbaycanca-ispanca lüğət”, “Azərbaycan dilinin ictimai-siyasi terminləri” hazırlanaraq çap edildiyi də diqqətə çatdırılıb.  O, 1983-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2000-ci ildən isə Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinə rəhbərlik edir, eyni zamanda 1994-cü ildən həmin İnstitutun nəzdindəki Dissertasiya Şurasının üzvü, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, İnstitut elmi Şurasının üzvüdür. Uzun illər Ədliyyə Nazirliyində və hazırda Ədliyyə Akademiyasında çalışan İsmayıl Məmmədli Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2013-cü ildə “Tərəqqi”  medalı ilə təltif edilib, Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi mükafatı”na və diplomuna və digər ali təltiflərə layiq görülüb.

             

 

           

Ədliyyə Akademiyası