Xəbərlər

Ədliyyə Akademiyasının Əməkdaşları Ankara Şəhərində Hüquq Tarixinin Problemlərinə Həsr Olunmuş Simpoziumda İştirak Ediblər

2021-11-15

25-27 oktyabr 2021-ci il tarixdə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türkiyə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Türkiyə Tarix Qurumunun və Türkiyə Vəkillər Birliyinin təşkilatçılığı ilə hüquq tarixinin problemlərinə həsr olunmuş simpozium keçirilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının iki nümayəndəsinin – hüquq üzrə elmlər doktoru, professor X.C.İsmayılovun və hüquq üzrə fəlsəfə doktoru, dosent M.P.Əsgərovanın qatıldığı beynəlxalq tədbiri giriş sözü ilə açan Türkiyə Ədalət Akademiyasının rəhbəri Mühittin Özdəmir hüquq tarixinin müasir hüquq sisteminin təkmilləşdirilməsi və inkişafı baxımından əhəmiyyətinə diqqət çəkib, son dövrlərin tədqiqatlarında hüququn tarixi aspektlərini əhatə edən tədqiqatların üstünlük təşkil etməsini, bu prosesə gənc araşdırmaçıların həvəslə qoşulduğunu və ayrı-ayrı qanunvericilik sahələrinin inkişafında bu tədqiqatların oynadığı rolu xüsusi olaraq vurğulayıb. Açılış mərasimində çıxış edən Türkiyə Respublikasının Ədliyyə Naziri Abdulhəmid Gül, Türkiyə Tarix Qurumunun Başqanı, prof. Birol Çətin, Türkiyə Vəkillər Birliyinin Başqanı, prof. Mətin Feyzioğlu, Türkiyə Respublikasının Yarğıtay Başqanı Mehmet Akarca, Türkiyə hüquq tarixinin ustad tədqiqatçılarından biri olan prof. Mehmet Akif Aydın hüquq tarixinin dünəni, bu günü və gələcək perspektivləri ilə bağlı maraqlı fikir və təkliflərini tədbir iştirakçıları ilə bölüşüblər. Açılış mərasimindən sonra müxtəlif bölmələr üzrə 3 gün ərzində hüquq tarixinin müxtəlif məsələləri üzrə olduqca maraqlı məruzələr dinlənilib və bu məruzələr ətrafında müzakirələr aparılıb. Bölmələrdə Azərbaycanda müəyyən tarixi dönəmlərdə nəzəri-hüquqi fikir tarixində ədalət və qanunçuluq ideyalarının mahiyyətinə, Azərbaycanla Türkiyə arasında hüquqi münasibətlərin tarixi aspektlərinə həsr olunan məruzələrlə çıxış edən Azərbaycanlı alimlərin fikir və təklifləri də aktuallığı ilə seçilib, böyük maraq və diqqətə səbəb olub. Tədbir çərçivəsində Azərbaycanın Ədliyyə Akademiyasını təmsil edənlərlə Türkiyə Ədliyyə Akademiyasında görüş keçirilib. Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən irəli gələn və onun ayrılmaz hissəsi olan qarşılıqlı hüquqi münasibətlər üzrə fikir mübadiləsi aparılıb, bu münasibətlərin inkişaf etdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. Türkiyə Ədliyyə Akademiyasının başqanı Mühittin Özdəmir son dövrlərdə rəhbərlik etdiyi Akademiyanın fəaliyyəti ilə bağlı, eləcə də Azərbaycanın müvafiq qurumları ilə birlikdə həyata keçirdikləri tədbirlər barədə də məlumat verib, Azərbaycan təmsilçilərini qardaş ölkənin Ədliyyə Akademiyasının iş prosesi ilə tanış edib və gələcək planlar haqqında fikirlərini onlarla bölüşüb.

 

 

      Ədliyyə Akademiyası