Xəbərlər

"Qadınların ədalət mühakiməsinə çıxışı: İstanbul Konvensiyasının tam təsdiqinə və tətbiqinə yaxınlaşma" mövzusunda Beynəlxalq tədbir keçirilmişdir

2021-10-08

 Avropa Şurası Ədliyyə Akademiyası ilə birgə hakimlər, prokurorlar və ədliyyə işçiləri üçün 7-8 oktyabr tarixində “Qadınların ədalət mühakiməsinə çıxışı: İstanbul Konvensiyasının tam ratifikasiyasına və tətbiqinə yaxınlaşmaq, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” mövzusunda onlayn formada II Beynəlxalq Konfrans keçirmişdir. Konfrans Bütün Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla Avropa Şurasına üzv olan ölkələrdən səlahiyyətli nümayəndələr, Avropa Şurasının müvafiq hökumətlərarası komitələrinin nümayəndələri, Gender Bərabərliyi Komissiyasının üzvləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri, vətəndaş cəmiyyəti mütəxəssisləri, elmi dairələr, media nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə baş tutmuşdur. Silsilə olaraq keçirilən tədbirlərin davamı və mövcud layihə çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərin əsas məqsədi kimi bu tədbirdə də Şərq Tərəfdaşlığı ölkələrində ədalət sistemlərinin gender-həssaslığını artırmaq və şiddətə məruz qalan qadınların ədalətə çıxışını gücləndirmək və İstanbul Konvensiyasının təsdiqi və tətbiqinə dair məlumatlılığı və dəstəyi artırmaq nəzərdə tutulmuşdur.Altı Şərq Tərəfdaşlığı ölkələrindən biri olaraq ölkəmizdən 10 nəfər hakim, 3 nəfər prokuror və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının 5 əməkdaşı iştirak etmişdir.Konfransın birinci mərhələsi canlı yayım formasında həyata keçirilmişdir. Açılış nitqi Avropa Şurasının Baş Katibi Marija Pejčinović Burić tərəfindən “Avropa İnsan Haqları Konvensiyası və İstanbul Konvensiya zorakılıq qurbanı olan qadınlara ədalətin təmin edilməsi vasitəsi kimi” mövzusunda olmuşdur. Həmçinin “Qadına qarşı şiddət:kölgə pandemiyası, təsiri və qadınların ədalətə çıxışındakı maneələr”ə dair Christine Chinkin, Böyük Britaniya London İqtisadiyyat Məktəbinin fəxri professoru tərəfindən əsas təqdimat həyata keçirilmişdir.Konfransın ikinci günündə Zoom platformasında LAB-lar adı altında hər bir ölkənin nümayəndələrindən ibarət qruplar yaradılmış və həmin qruplarda gender bərabərliyini inkişaf etdirmək və şiddət qurbanı olan qadınların hüquqi müdafiəsini təmin etmək üçün atılan  addımlar müzakirə olunmuşdur. Əlavə olaraq LAB-larda  qadınlara qarşı şiddət və məişət zorakılığı qurbanlarının ədalətə qovuşmaq üçün qarşılaşdıqları maneələri və stereotipləri aradan qaldırmaq üçün hüquq mütəxəssislərinin nələri edə biləcəkləri, qadın zorakılığı və məişət zorakılığı qurbanlarının ədalətlə təmin olunması üçün hansı hüquqi dəyişikliklərin lazım olması, qadınların ədalətə çatımlılığına dair sistemlərinin keyfiyyətli olmasını təmin etmək üçün hüquqşünaslar və bu sahəyə dair qərar qəbul edə biləcək orqanların hansı beynəlxalq standartları və təsirli vasitələri tətbiq etməsini ehtiva edən məsələlər ətraflı müzakirə olunmuşdur. LAB-lar iki dildə- ingilis və rus dilində aparılmışdır. Rus dilində aparılan LAB-lardan birinin moderatoru Ədliyyə Akademiyasının əməkdaşı Həsən Quliyev olmuşdur.Daha sonra isə Avropa Birliyi Fundamental Hüquqlar Agentliyindən Albin Dearing, Venesiya Komissiyasından Veronika Bilkova, BMT Qadınlar üzrə Avropa və Mərkəzi Asiya Regional Direktoru Alia Əl-Yassir, Gender və Reproduktiv Hüquqlar üzrə Avropa Parlament Forumundan Neil Datta “Gələcəyi qurmaq: qadınların ədalətə çıxışını təmin etmək üçün növbəti addımlar” mövzusunda müzakirələr aparmışdırlar.Yekun nitqini Avropa Birliyi Ədalət və İstehlakçı işləri üzrəDirektoru Irena Moozova və Avropa Şurasının İnsan Ləyaqəti, Bərabərlik və İdarəetmə üzrə Direktoru Claudia Luciani söyləmişdir.Konfransın ümumi dili ingilis dili olmuş və və azərbaycan, gürcü, rus, ukrayna, erməni  və rumın dilinə sinxron tərcümə təmin edilmişdir.