Xəbərlər

“Qadınların Ədalət Mühakiməsinə Çatımlılığı” Üzrə HELP Kursunun Regional Qiymətləndirmə Görüşü Keçirilmişdir

2021-12-15

14 dekabr tarixində Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Qadınların ədalət mühakiməsinə çatımlılığı” üzrə HELP kursunun hibrid formatda regional qiymətləndirmə görüşü keçirilmişdir. Görüşdə Avropa Şurasının ekspertləri, Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Gürcüstan) əməkdaşlıq qurumlarının nümayəndələri, həmçinin milli qruplar üzrə distant HELP kursunun iştirakçıları olan hakimlər, prokururorluq orqanlarının əməkdaşları və Şərq Tərəfdaşlığı ölkələrinin Ədliyyə Akademiyalarının nümayəndələri iştirak etmişdir. Tədbirin açılışını edən Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin meneceri Anca Sandescu Layihənin Şərq Tərəfdaşlığı ölkələrində əhəmiyyətini vurğulamış, pandemiya dövründə qadınların ədalətə çıxışında rast gəlinən maneələr, mövzunun həssaslığı və aktuallığı barədə məlumat vermişdir. Açılış nitqləri ilə çıxış edən Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin rəhbəri Eva Pastrana, HELP Proqramı çərçivəsində Avropa Konvensiyası barədə çoxşaxəli tədris resurslarının, materialların hazırlandığını, bu resursların üzv ölkələrin dillərinə tərcümə olunduğunu və onları onlayn əldə etməyin mümkünlüyünü diqqətə çatdırmışdır. O həmçinin HELP Proqramı vasitəsilə hüquqşünasların Avropa Məhkəməsinin presedent hüququnun inkişafının gətirdiyi yeniliklər ilə rahat şəkildə ayaqlaşa biləcəklərini vurğulamışdır. Avropa Şurası Gender bərabərliyi şöbəsinin bölmə rəhbəri Marta Becerra,  Qadınların ədalətə çıxışında ədliyyə institutlarının rolunun, hüquq mütəxəssisləri ilə yanaşı, zorakılığa məruz qalan qadınların da mövzu barədə maarifləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Ekspert Avropa Şurasına üzv olan dövlətlərdə ədliyyəyə çıxışın gender bərabərliyi standartlarına uyğun olmalı olduğu, mövzu ilə bağlı bəzi Şərq tərəfdaşlığı ölkələrində bir sıra pozitiv addımlar atıldığını və İstanbul Konvensiyasının ratifikasiyası yönündə tədbirlər görüldüyünü qeyd etmişdir. Daha sonra Avropa Şurasının eksperti və bu kursun müəllifi Elisabeth Duban, kursun məqsədi, mahiyyəti, quruluşu, modullar üzrə tapşırıqlar və Şərq tərəfdaşlığı ölkələrinin milli tyutorları tərəfindən reallaşdırılmış “Qadınların ədalət mühakiməsinə çatımlılığı” HELP kursunun qiymətləndirilməsinin nəticələri barədə məlumat vermişdir. Avropa Şurası HELP şöbəsinin müdir müavini Ana Medarska-Lazova, HELP platformasının potensial tədris resursları barədə məlumat vermiş, hazırki qiymətləndirmənin yaxın zamanda start veriləcək “Qadınların ədalət mühakiməsinə çatımlılığı” HELP kursunun ikinci buraxılışının təkmilləşdirilməsi üçün vacibliyini dilə gətirmişdir. Avropa Şurasının Makedoniyalı eksperti Yelena Ristic tyutorluq etdiyi eyni adlı 2 regional HELP kursları barədə məlumat vermiş, hüquq mütəxəssilərinin HELP platformasından yararlanmağında ko-tyutorluğun daha faydalı olduğunu qeyd etmişdir.  Daha sonra, Avropa Hakimlərinin Məşvərət Şurasının üzvü, Monteneqrolu hakim Mirjana Popovich hakimlərin tədrisinin avropa və beynəlxalq hüquqi əsasları barədə təqdimatla çıxış edərək, HELP platformasının üzv dövlətlərin hakimlərinin insan hüquqları sahəsində tədrisində mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirmişdir.  Tədbirin ikinci hissəsində Şərq tərəfdaşlığı ölkələrinin milli tyutorları ilə gələcək HELP kursları və mentorluq proqramına dair müzakirələr aparılmışdır.

 

 

 

Ədliyyə Akademiyası