Xəbərlər

15 Dekabr 2021-ci İl Tarixində Kommersiya Məhkəmələri üçün, 16 Dekabr 2021-ci İl Tarixində isə İnzibati Məhkəmələri üçün “Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrə Əlavə Dəstək” Layihəsi Çərçivəsində Seminarlar Keçirilib

2021-12-15

Cari ilin 15-16 dekabr tarixlərində “Hyatt Regency” otelində Avropa İttifaqı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrə Əlavə Dəstək” layihəsi çərçivəsində kommersiya və inzibati məhkəmələri üçün seminarlar keçirilib. Təlimlərdə 15 hakim, 8 aparat işçisi, 10 vəkil və Ədliyyə Nazirliyinin 8 əməkdaşı iştirak edib. Layihənin və tədbirin keçirilmə məqsədi məhkəmələrin institusional və hüquqi potensialının artırılması, qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun olaraq məhkəmə icraatının və qərarlarının keyfiyyətinin yüksəldilməsi, habelə məhkəmələrin şəxsi heyətinin və hakimlərin peşəkar bacarıqlarının artırılması yolu ilə yeni yaradılmış kommersiya və inzibati məhkəmə sisteminin funksional keyfiyyətlərinin gücləndirilməsi, mediasiya və arbitraj kimi alternativ mübahisələrin həlli mexanizmlərindən istifadənin genişləndirilməsidir. Təlimdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib. Çıxış zamanı Elçin Xələfov layihə çərçivəsində hakimlər, hakimliyə namizədlər, vəkillər və məhkəmə aparatı işçiləri üçün keçirilmiş silsilə təlimlər, bu təlim və layihələrin məqsədləri barədə məlumat verib. Həmçinin, əyani və onlayn formatda Bakı və regionlarda keçirilən təlimlərin səmərəliliyini vurğulayaraq, hakimlərin, hakimliyə namizədlərin, vəkillərin və məhkəmə aparatı işçilərinin bu təlimlərdə iştirakının yüksək nəticə verdiyini iştirakçıların diqqətinə çatdırıb. Təlimdə ekspert qismində Alan Uzelac, Ruslan Mirzəyev, Jovanka Jakubek-Lalik,  Oktay Məhərəmov və  Elçin Usub iştirak edib. Seminarda layihə haqqında məlumat verilib, layihə çərçivəsində kommersiya və inzibati icraat zamanı üzləşilən problemlərin təhlili ilə bağlı görülən işlər və təklif olunan müdaxilə sahələri (siyasət tövsiyələri); hesabatın işlənib-hazırlanması prosesi; əsas nəticələr; əsas siyasət tövsiyələri; kommersiya mübahisələri üzrə mütərəqqi təcrübə hesabatı üzrə mövzuların seçilməsi, həmçinin kommersiya icraatı sahəsində mütərəqqi təcrübə hesabatından: kommersiya   işlərinə baxılma müddətləri; 1. sabit vaxt çərçivəsi və ya vaxt məhdudiyyətinin işlərin mürəkkəbliyinə və ya növlərinə uyğunlaşdırılması; 2.məhkəmə fəaliyyətinin müəyyən edilmiş müddətləri və keyfiyyəti: ədalət  mühakiməsinin səmərəliliyi və keyfiyyəti arasında balans; 3. hər iki parametrdə problemlər; 4. çeviklik və prosessual nizam-intizam arasında düzgün tarazlığın yaradılması. Müddətlərin müəyyən edilməsində hakimlər və tərəflər (və ya onların vəkilləri) arasında əməkdaşlıq; 5. vaxt məhdudiyyətinin pozulmasına görə sanksiyalar, hakimlərin müstəqilliyinə dair risklər dinləyicilərin diqqətinə çatdırılıb.  Kommersiya icraatı sahəsində mütərəqqi təcrübə hesabatından: elektron sübutların istifadəsi və idarə edilməsi ilə bağlı 1. elektron sübutların qiymətləndirilməsi üçün hüquqi baza və müəyyən edilmiş təcrübə standartları (məqbulluq, həqiqilik, dəqiqlik, bütövlük, texniki formatlar və standartlar); 2. hakimlər tərəfindən elektron və ənənəvi kağız daşıyıcıda olan sübutların qiymətləndirilməsi; 3. elektron sübutların idarə edilməsi (toplanması, strukturlaşdırılması, yuxarı məhkəmələrə göndərilməsi);4. texniki reqlamentlərə/təlimatlara ehtiyac varmı? sualı ətrafında müzakirələr aparılıb. Kommersiya mübahisələri üzrə mütərəqqi təcrübə hesabatından: əsas məhkəmə baxışına hazırlıq üçün yazılı icraatlardan istifadə edilməsi mövzusu ilə əlaqədar olaraq 1.məhkəmə iclaslarının və təxirəsalınmaların minimuma endirilməsi üçün məhkəmə və tərəflər (onların vəkilləri) arasında yazılı ünsiyyətin artırılması. elektron qovluqlardan istifadə; 2. hazırlıq iclasından tərəflərin nizam-intizama əməl etmələri, həmçinin məhkəmədə baxışların və təxirə salınmaların sayının minimuma endirilməsi üçün istifadə edilməsi barədə nüanslar vurğulanıb. Seminarda inzibati ədalət mühakiməsi sahəsində aparıcı təcrübələr hesabatından: inzibati sükut; hərəkətsizlik patologiyası və ya məhkəmə icraatının həddindən artıq davam etməsinin qarşısının alınması və onunla mübarizə üçün normativ strategiyalar; inzibati orqanlar tərəfindən səssiz razılığın hüquqi qüvvəsi; yuxarıda göstərilən normaların uğurlu tətbiqini əks etdirən müvafiq təcrübə dinləyicilərin diqqətinə çatdırılıb.  İnzibati ədalət mühakiməsi sahəsində aparıcı təcrübələr hesabatından: ədliyyə institutlarında təşkilati öyrənmə proseslərinin gücləndirilməsi; Aİ-də məhkəmə sistemlərində idarəetmə və təşkilati təcrübələr təşkilati öyrənmə  proseslərinin gücləndirilməsinə təsir göstərir; Avropa Məhkəmə Təlimi Şəbəkəsi (EJTN), Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) kimi Avropa institutlarında təsvir edilən digər təcrübələrdən bəhs olunub. İnzibati ədalət mühakiməsi sahəsində təkrar məhkəmə çəkişmələrinin azaldılması ilə bağlı inzibati məhkəmə çəkişmələrində təkrarlanan inzibati işlərin qarşısının alınması yolları, daha ədalətli və vaxtında inzibati ədalət mühakiməsinə nail olmaq üçün məhkəmələr və inzibati orqanlar arasında əməkdaşlıq yolları, məhkəmə qərarlarının daha yaxşı icrası və təkrarlanan məhkəmə çəkişmələrinin azaldılması məqsədilə inzibati orqanların fəaliyyətinin təkmilləşdirilməsi haqqında müzakirələr aparılıb.