Xəbərlər

Ədliyyə Akademiyası ilə Vyetnam Ədliyyə Akademiyası Arasında “Məhkəmə Üzvlərinin Təlimində İnformasiya Texnologiyalarının Tətbiqinin Genişləndirilməsi ilə Bağlı Bilik və Təcrübə Mübadiləsi” Mövzusunda Videokonfrans Formatında Görüş Keçirilib.

2021-12-17

 Dekabrın 17-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vyetnam Ədliyyə Akademiyası arasında “Məhkəmə üzvlərinin təlimində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı bilik və təcrübə mübadiləsi” mövzusunda videokonfrans formatında görüş keçirilib. Konfransda hüquq sahəsində peşə hazırlığı fəaliyyətində informasiya texnologiyalarının daha geniş tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb. Tədbirdə Vietnam tərəfini Vyetnam Ədliyyə Akademiyasının direktorunun müavini Nguen Min Han, müxtəlif kafedra və fakültələrin ekspert və müəllim heyəti, ümumilikdə 17 nəfər təmsil edib. Azərbaycan tərəfini sözügedən konfransda 17 nəfər - Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Akademiyanın əməkdaşları, Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəis müavini Teymur Məlik-Aslanov və böyük məsləhətçisi Aysel Hacırəhimli, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin baş məsləhətçisi Fuad Əhmədzadə, Ali Məhkəmənin Elektron məhkəmə məsələləri və informasiya texnologiyarı şöbəsinin müdir müavini Yusif Bayramov və hakimlər təmsil edib. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəis müavini Teymur Məlik-Aslanov görüş iştirakçılarını salamlayıb və qeyd edib ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi Vyetnam Sosialist Respublikası ilə 2016-cı ilin 8 mart tarixində iki dovlətin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sazişin icrasının təmin edilməsi məqsədilə ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin tətbiqinin videokonfranslara üstünlük verməklə öyrənilməsi və bu kimi digər konkret tədbirləri nəzərdə tutan “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2020-2022-ci illər üçün Əməkdaşlıq Proqramı”-nın 1-ci hissəsinin “c)” bəndində məhkəmə işçilərinin təlimi və davamlı tədrisi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vyetnam Ədliyyə Akademiyası arasında onlayn videokonfransların təşkili nəzərdə tutulub. Daha sonra tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov acılış nitqində Ədliyyə Akademiyasının Elektron Tədris Platformasının əhəmiyyətinə və ölkədə ədliyyə sahəsində, xüsusən də Ədliyyə Akademiyasının fəaliyyətinə dair həyata keçirilən islahatlara dair geniş məlumat verib və müvafiq tanıtıcı təqdimat nümayiş edib. Daha sonra isə Ədliyyə Akademiyasının Tədris şöbəsinin rəisi Mehriban Əfəndizadə və İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin baş məsləhətçisi Fuad Əhmədzadə tanıtıcı təqdimatları nümayiş edərək, Akademiyanın fəaliyyəti, hakimlərin tədrisi və digər sahələrdə müasir texnologiyalardan istifadə edilməsi haqda geniş məlumat veriblər.Görüş zamanı hər iki ölkənin Ədliyyə akademiyalarının fəaliyyəti və tədris tədbirləri haqqında məlumat verilib. Vyetnam Ədliyyə Akademiyasının tədris fəaliyyətində informasiya texnologiyalarının tətbiqinin ümumi qiymətləndirilməsi və eyni zamanda Azərbaycanda hüquq peşəsinin tədrisi fəaliyyətində informasiya texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb. Çıxışlardan sonra tərəfləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb və gələcəkdə əməkdaşlığı davam edərək digər aktual məsələlər üzrə bu cür konfransların aparılması məsələsi müzakirə olunub. Vyetnam Ədliyyə Akademiyasının direktorunun müavini Nguen Min Han keçirilmiş videokonfransın böyük marağa səbəb olduğunu, informasiya-kommunikasiya sahəsində azərbaycanlı həmkarlarının nailiyyətlərindən təsirləndiklərini, eyni zamanda yaxın gələcəkdə elektron məhkəmə, elektron icra, elektron notariat və informasiya-kommunikasiya sahəsində ən son nailiyyətlərinin dərindən öyrənilməsi üçün səfər və davamlı videokonfransların təşkil edilməsinin zəruriliyini vurğulayıb.