Xəbərlər

Vəkillər Üçün “Elektron Məhkəmə” İnformasiya Sistemindən Səmərəli İstifadə” Mövzusunda Distant Formada Təlim Keçirilib

2021-12-28

27 dekabr tarixində Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsimövzusunda distant formada təlim keçirilib. Təlimin açılışında Ədliyyə Akademiyasının əməkdaşı Günel Sadıqova qeyd etdi ki, bu təlimlərin keçirilməsi “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyəti barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə 01.11.2021-ci il tarixdə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin icrası ilə bağlı Tədbirlər Planı”ndan irəli gəlir.

Təlim proqramında nəzərdə tutulan mövzuların tədrisi Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin məsul əməkdaşları tərəfindən tədris edilib.

Təlimçilər Elektron kabinet vasitəsilə aparılan bir sıra əməliyyatların əyani təqdimatı, iddia ərizələri və şikayətlərin elektron qaydada təqdim edilməsi, dövlət rüsumunun ödənilməsi formaları və ödənilmiş dövlət rüsumunun yoxlanılması, xarici hüquqi və fiziki şəxslər üçün dövlət rüsumunun ödənilməsi imkanı, “Elektron məhkəmə” informasiya sistemindən istifadə ilə bağlı vəkillər tərəfindən qaldırılan məsələləri dinləyicilərin diqqətinə çatdırıb.

Təlim müddətində vəkillərin qaldırdığı yalnız kommersiya məhkəmələrinə xüsusi iddia icraatı zamanı ərizələrin verilməsinin mümkünlüyü, ilkin mediasiya sessiyasından keçməli olan iddialar, hüquqi şəxs tərəfindən müraciət edilən zaman rast gəlinən çətinliklər, məhkəmə bildirişləri zamanı aydın olmayan məsələlər, “Elektron məhkəmə” mobil aplikasiyası ilə bağlı məsələlər ətrafında müzakirələr aparılmışdır.

Təlimin yekununda Tədbirlər planının icrası ilə əlaqədar gələcəkdə Ədliyyə Akademiyası tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin funksional imkanları barədə vəkil bürolarından əlaqələndirici şəxslərə ixtisaslaşdırılmış təlimlərin keçirilməsi və vəkilliyə namizədlər üçün təşkil olunan təlimlərdə “Elektron məhkəmə” informasiya sisteminin texniki imkanlarının əyani təqdimatı”na dair mövzuların tədris edilməsinin planlaşdırıldığı bildirildi.